AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbənin növbəti elmi seminarı keçirildi. İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosentYadigar İmamverdiyev “Blokçeynlər: komponentləri, tətbiqləri və problemləri” mövzusunda məruzəni təqdim etdi. Məruzəçi, Bitcoin və digər kriptovalyutaların blokçeyn texnologiyaları əsasında yaradıldığını diqqətə çatdırdı. Bildirdi ki, blokçeynlərin potensial imkanları daha genişdir və digər praktiki fəaliyyət sahələrində də bu texnologiyanın imkanlarından faydalanmaq mümkündür: “Təsadüfi deyil ki, mütəxəssislər artıq “Blockchain 1.0” (kriptovalyutalar), “Blockchain 2.0” (ağıllı müqavilələr) və “Blockchain 3.0” (dövlət idarəçiliyi, təhsil, elm, mədəniyyət və s. sahələrdə tətbiqlər) kimi inkişaf mərhələlərini ayırırlar”.
Y.İmamverdiyevin sözlərinə görə, blokçeyn özündə kriptoqrafiya, şəbəkə, paylanmış konsensus və s. kimi bir neçə konsepsiyanı uğurla birləşdirir və onun cəlbediliciyi təhlükəsizliyi, şəffaflığı, verilənlərin dəyişməzliyi, mərkəzləşmənin olmaması, vasitəçilərdən istifadə edilməməsi, açıq kodlu olması ilə izah edilir.
Məruzəçi blokçeyn arxitekturasının əsas komponentləri, blokçeynlərin təsnifat prinsipləri və əsas növləri, məşhur blokçeyn platformaları (Bitcoin, Ethereum, Hyperledger-Fabric, IOTA və s.) haqqında geniş məlumat verdi. Qeyd etdi ki, blokçeyn şəbəkəsinin bütün qovşaqlarında mərkəzi idarəetmə orqanı olmadan tranzaksiyaların həqiqiliyini təmin etmək üçün konsensus protokollarından istifadə edilir. Konsensus protokolları paylanmış mühitdə qrup qərarlarının qəbul edilməsi mexanizmidir və blokçeyn arxitekturasının çox vacib komponentidir.
Daha sonra Y.İmamverdiyev Bitcoin şəbəkəsində istifadə edilən PoW (Proof-of-Work) və Ethereum şəbəkəsində istifadə edilməsi planlaşdırılan PoS (Proof-of-Stake) protokolunu geniş təhlil etdi, onların üstün və fərqli cəhətlərini diqqətə çatdırdı. O, blokçeynlərdəki konsensus protokollarının kriptoqrafiyada baxılan “Bizan generalları məsələsi” ilə əlaqəli olduğunu vurğulayaraq, BFT (Byzantine Fault Tolerance – Bizans imtinalara dayanıqlığı) protokolları ailəsindən olan konsensus protokollarını təhlil etdi.
Şöbə müdiri blokçeyn texnologiyasının tətbiqi üzrə Corda, Bitnation, E-Residensy, Smart Dubai, daşınmaz əmlakın alqı-satqısı, rəqəmsal diplomlar (Massaçusets Texnologiya İnstitutu) və s. kimi layihələr, blokçeynin konkret sahədə tətbiqi üçün uyğunluq dərəcəsini müəyyənləşdirən kriteriyalar sistemi barədə söhbət açdı.
Y.İmamverdiyev yeni konsensus protokollarına keçidin mürəkkəbliyi, blokçeyn texnologiyalarının test edilməsi və qiymətləndirilməsinin çətinliyi, blokçeynlərdə mərkəzləşmə meyllərinin artması, verilənlərin gizliliyinin pozulması kimi problemlər barədə ətraflı məlumat verdi. Blokçeynlərin texnoloji problemlərinin analizi barədə danışaraq bu problemlərin ümumi (bütün blokçeynlərə aid olan) və spesifik (yalnız bəzi blokçeynlərə aid) olmaqla iki sinfə bölündüyünü qeyd etdi: “Təhlükəsizlik bütün blokçeyn texnologiyalarının ümumi problemidir. Geniş yayılmış blokçeyn texnologiyası kimi Bitcoinin əsas problemi tranzaksiyaların emal sürətinin olduqca aşağı olmasıdır. Müqayisə üçün qeyd edək ki, bu göstərici VISA sistemində 2000-dir”.
Məruzəçi bildirdi ki, blokçeyn texnologiyalarının sadalanmış bu və digər problemlərinin həlli istiqamətində bütün dünyada elmi-praktiki tədqiqatlar genişlənir. Qeyd etdi ki, yeni konsensus protokollarının işlənilməsi, blokçeynlər əsasında təklif edilmiş həllərin müxtəlif kriteriyalar üzrə test edilməsi və qiymətləndirilməsi, blokçeynlərin təhlükəsizliyi, onun miqyaslanması üçün müxtəlif yanaşmaların işlənilməsi, blokçeyn verilənlərinin intellektual analizi əsas tədqiqat istiqamətlərinə daxildir.
Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.