AzInTelecom əlverişli şərtlərlə bulud xidmətini təqdim edir 2019-04-12 16:06:00 / MARAQLI MƏLUMATLAR

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin “AZCLOUD” bulud provayderi müştərilərinə buludda rezervlənməni tez və asan şəkildə həyata keçirməyə imkan verən Rezervlənmə xidmətini (Backup as a Service) əlverişli şərtlərlə təklif edir.

Xeberler.az  bildirir ki, məlumat və bulud infrastrukturunun daimi rezervlənməsi məlumat itkisi baş verən zaman onun tez bir zamanda bərpasını təmin edir və müştəri üçün mühüm olan məlumatın qorunub saxlanılmasını asanlaşdırır. “AZCLOUD”-un Rezervlənmə xidməti sayəsində istifadəçilər bulud infrastrukturundakı bütün iş proseslərini asanlıqla şəxsi kabinetindən idarə edə bilər.

Təqdim edilən xidmət rezervlənmə sahəsində virtual mühitin monitorinqi üzrə ixtisaslaşmış “Veeam” şirkətinin “Cloud Connect” texnologiyası əsasında qurulub. Bu texnologiyanın əsas üstünlüklərinə onun 10 dəqiqə ərzində quraşdırılması, qlobal şəbəkələr (WAN, Wide Area Networks) üzərindən “WAN Acceleration” rezervlənmə sürətləndiricisi vasitəsilə 50 qat prosesi daha da sürətləndirməsi və istifadəçilərin kompüter və ziyarət etdikləri sayt arasındakı əlaqənin təhlükəsiz olduğunu təmin edən SSL (SSL, Secure Sockets Layer) təhlükəsizlik protokolu ilə mühafizə olunan bağlantı üzərindən rezervlənmə imkanları aiddir.

Bulud üzərindən Rezervlənmə xidmətinin tətbiq edilməsinin digər üstünlükləri “AZCLOUD” istifadəçisinin virtual infrastrukturunun bulud mühitində tam avtomatlaşdırılmış şəkildə rezervlənməsi, eləcə də, idarə edilməsi və tez bir zamanda bərpası üçün vahid konsolun təqdim edilməsi, mütəxəssislər tərəfindən 24/7 dəstək xidməti və xarici bulud provayderindən 3 dəfə daha sürətli olmasıdır.

Məlumat üçün bildirək ki, sürətlə rəqəmsallaşan dünyada şirkətlərə məlumat itkisi nəticəsində dəyən zərər ildən ilə artır. İnformasiya təhlükəsizliyi sahəsində dünya liderlərindən biri olan “McKinsey” şirkətinin 2018-ci ilin mart ayında dərc etdiyi “Digital and Risk” adlı hesabatına əsasən, hər il şirkətlərin informasiya təhlükəsizliyinin təmin edilməsinə 500 milyon dollar xərcləməsinə baxmayaraq, məlumat itkisi nəticəsində onlara 400 milyard dollarlıq ziyan dəyir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024