AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Şöbənin baş mütəxəssisi Tamilla Bayramova “Proqram təminatının mürəkkəblik dərəcəsini müəyyən edən metrikaların təhlili” adlı məruzəni təqdim etdi. O, bildirdi ki, müasir informasiya sistemlərinin proqram təminatı (PT) mürəkkəb olduğuna görə PT-də olan xətaların sayının qiymətləndirilməsi üçün model və metodikaların işlənilməsi aktual elmi-texniki problemdir. T.Bayramovanın sözlərinə görə, bu problemin həlli üçün xətaların sayının hərtərəfli və dəqiq qiymətləndirilməsi, onların aradan qaldırılması və tələb olunan etibarlılığa nail olmaq üçün lazım olan resursların səmərəli şəkildə planlaşdırılması, eləcə də PT-nin işlənilməsi və istismarı proseslərinin səmərəliliyinin yüksəldilməsi zəruridir.
Məruzəçi, proqram mühəndisliyinin standartlaşdırılmış terminologiya lüğətində proqram təminatının metrikası anlayışının PT-nin və onun spesifikasiyalarının bəzi xüsusiyyətlərinin ədədi qiymətləndirilməsinə imkan verən ölçü kimi müəyyən edildiyini vurğuladı. Qeyd etdi ki, PT-nin metrikaları mövcud proqram məhsulunun və ya prosesinin keyfiyyətinin müəyyən edilməsi, proqnozlaşdırılması, artırılması, proqram layihələrinin qiymətinin və qrafikinin müəyyənləşdirilməsinə xidmət edir.
T.Bayramova PT-nin mürəkkəblik metrikalarının proqramların ölçüsünə görə metrikalar, onun idarə edilməsinin mürəkkəblik metrikaları və verilənlərinin mürəkkəblik metrikaları olmaqla üç əsas qrupa bölündüyünü diqqətə çatdırdı.
Məruzəçi, proqramların ölçülərinə görə metrikalardan söz açdı, bu metrikaların əksəriyyətinin proqramın ilkin kodu əsasında hesablandığını və binar kodun təhlili zamanı istifadə edilmədiyini bildirdi.
T.Bayramova Holsted və ABC metrikaları, onların kəmiyyət göstəricilərindən bəhs etdi. Bildirdi ki, proqram kodunun siklomatik mürəkkəbliyi proqram kodunda asılı olmayan marşrutların sayı əsasında hesablanır.
Məruzəçi Mak-Keyb metrikası barədə məlumat verərək onun müxtəlif proqramlaşdırma dillərində yazılmış proqramların qiymətləndirilməsi zamanı istifadə edildiyini qeyd etdi, üstün və çatışmayan cəhətlərini diqqətə çatdırdı. Bildirdi ki, bu metrika proqram layihəsinin ayrı-ayrı elementlərinin reallaşdırılması üçün əmək tutumunu qiymətləndirməyə, işlənilmə müddətinin və qiymətinin optimallaşdırılmasına, eləcə də risklərin qiymətləndirilməsi və müvafiq idarəetmə qərarlarının qəbul edilməsinə təsir edə bilmək imkanına malikdir.
O, intervallar metrikası adlanan Mayers metrikasının MakKeyb metrikasını təkmilləşdirdiyini, binar kodun təhlilində siklomatik mürəkkəbliyə nəzərən heç bir üstünlüyünün olmadığını dedi.
Proqramın verilənlərinin mürəkkəblik metrikalarından danışan məruzəçi onun idarəetmənin mürəkkəblik metrikalarından fərqli olaraq ilkin kodun qiymətləndirilməsinə yönəldiyini bildirdi.
T.Bayramova PT-nin kombinə edilmiş metrikaları barədə də məlumat verdi. Qeyd etdi ki, bu sinif metrikalar proqramın mürəkkəbliyini həm kəmiyyət göstəricilərinin hesablanması, həm də idarəedici strukturların təhlili əsasında müəyyən edir.
“Elmi texniki nailiyyətlərin əsas məqsədlərindən biri də PT-nin mürəkkəbliyinin azaldılmasıdır. Çünki bu layihələndirmənin, işlənilmənin, sınağın və müşayiət etmənin əmək tutumunu azaldır, yaradılan PT-nin sadə və etibarlı olmasına kömək edir”– deyən T.Bayramova bildirdi ki, keyfiyyətin idarə edilmə təcrübəsi göstərir ki, proqram məhsulunun keyfiyyətinin yaxşılaşdırılmasına çəkilən xərclər son nəticədə daha çox iqtisadi səmərəliliyə nail olmağa imkan verir.
Məruzəçi rəqabətli bazarda müvəffəqiyyət qazanmaq üçün şirkətlərin PT-nin işlənilməsi, tətbiq edilməsi və müşayiət edilməsini vaxtında və keyfiyyətlə həyata keçirməsinin zəruriliyini vurğuladı.
Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.