Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsi başa çatıb. Magistraturanın ikinci pilləsinə hazırlıq məqsədilə 3 və 4 aprel 2019-cu il tarixlərində AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində 14-cü proqram (kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, kompüter elmləri ixtisasları) üzrə Bakı Dövlət Universitetinin tələbələrinə təlim keçirilib.
Təlimi institutun böyük elmi işçisi Rəhilə Həsənova aparıb. O, verilənlərin sturukturu və alqoritmlər, əməliyyat sistemləri, proqramlaşdırmanın əsasları, proqram təminatı, informasiya sistemləri və verilənlər bazası, informasiya təhlükəsizliyi və 14-cü proqrama daxil olan digər mövzular barədə məlumat verib.
Məruzə ətrafında müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Təlimin sonunda tələbələr Mərkəzlə yaxından tanış olublar. Onlara Tədris-İnnovasiya Mərkəzinin fəaliyyəti ilə bağlı məlumat verilib.
Qeyd edək ki, respublika üzrə doktorant və dissertantlara informatika fənninin tədrisi və bu fənndən doktorluq imtahanının qəbulu, AMEA-nın magistraturasında təhsil alan tələbələrə ümumi fənnlərin tədrisi, informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə distant kursların, seminar və konfransların təşkili, magistraturaya və dövlət qulluğuna hazırlıq kurslarının təşkili, eləcə də informasiya texnologiyaları sahəsində bilik və bacarıqların yüksəldilməsi məqsədinə xidmət edən müxtəlif innovativ layihələrin həyata keçirilməsimərkəzin əsas fəaliyyət istiqamətləri sırasına daxildir.