AMEA İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin “MCDM for Candidate Selection in E-voting” (“E-səsvermədə namizədin seçilməsi üçün Çoxmeyarlı Qərar Qəbuletmə Modeli”) adlı məqaləsi “International Journal of Public Administration in the Digital Age” jurnalında nəşr olunub.
Məqalənin müəllifləri AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdirləri – texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov və AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyevdir.
Məqalədə qeyd olunur ki, e-səsvermə e-demokratiyanın ən vacib komponentlərindən biridir və demokratik idarəetmə sisteminin əsasını təşkil edir. Səsvermə nəticələri namizədlərin seçilməsi və vəzifəyə təyin olunan namizədin həmin pozisiyaya uyğun olub-olmaması baxımından hər zaman geniş müzakirələrə səbəb olur. Hazırda ixtisaslı kadrların seçilməsi və onların dövlət idarəçiliyində məsul vəzifələrə təyin edilməsi aktual məsələlərdən biridir. Məqalədə e-səsvermədə kompetensiyalı namizədlərin seçilməsi üçün çoxmeyarlı qərar qəbuletmə modeli təklif olunur. Namizələrin seçilməsi üçün meyarlar müəyyənləşdirilir və hər bir namizədin digər namizədlərə münasibəti bul matrisidən istifadə olunmaqla qiymətləndirilir. Bütün meyarlara görə namizədlərin reytinqi hesablanır. Aparılan eksperimentdə namizədlər seçilmiş meyarlara görə qiymətləndirilir və meyarların əhəmiyyətliliyinə görə ranqlaşdırılır. Təklif olunan model e-səsvermə prosesində müəyyən olunmuş meyarlar əsasında kompetensialı namizədin seçilməsinə və daha effektli qərarların qəbul edilməsinə imkan verir.
Dünyanın nüfuzlu nəşriyyatlarından olan “IGI Global” nəşriyyat evi tərəfindən dərc olunan jurnal “Web of Science” elmi bazasında indeksləşir.
Qeyd edək ki, məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi (№ EİF-KETPL-2-2015-1(25)-56/05/1) çərçivəsində hazırlanıb.