AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Mail Exchange” korporativ elektron poçt sistemində təhlükəsizlik məsələləri” mövzusuna həsr olunduğunu bildirdi. Məruzəni təqdim edən şöbənin əməkdaşı Mürsəl Qurbanlı müəyyən bir fərd və ya şəxslər qrupuna mətn, fayl, şəkil və digər əlavələrin göndərilməsi vasitəsi olan e-poçt, onun tarixi və serverləri barədə məlumat verdi. Qeyd etdi ki, korporativ poçt sistemi, hər biri 100 Gb-a qədər olan böyük poçt qutuları və arxivləri, istənilən yerdən və qurğudan poçt qutusuna daxilolma, eləcə də e-poçt istifadəçi qutularının avtomatik sazlanması “Mail Exchange” serverinin yerinə yetirdiyi əsas vəzifələrdəndir.
O, “Mail Exchange” serverinin qurulması, DNS-in sazlanması üçün zonanın və qeydlərin yaradılması üsulları haqqında danışdı.
Məruzəçi “Autodiscover” xidmətinin iş prinsipi, “Mail Exchange”in antispam sistemi, təhlükəsizlik həlləri, “SpamTitan” və onun əsas funksiyaları barədə məlumat verdi. Bildirdi ki, “TitanHQ” şirkətinin məhsulu olan “SpamTitan” e-poçtun spam, virus, casus proqramlar, fishing və istənməyən kontentli məktublardan qorunması üçün kompleks həll hesab edilir.
M.Qurbanlı çoxsəviyyəli anti-spam analizi, klient proqram təminatları, eləcə də “Exchange” serverin dəstəklədiyi əməliyyat sistemlərini təqdim etdi. O, “Pyzor” və “Razor v2”nin spamların aşkarlanması və bloklanması üçün istifadə olunan paylaşılan şəbəkə sistemi olduğunu söylədi. Qeyd etdi ki, “Pyzor” və “Razor v2” sisteminin iş prinsipi məktubun neçə dəfə spam və ya qeyri-spam kimi qeyd olunmasını nəzərdə tutur.