AMEA İnformasiya Texnologiyaları İnstitutunda 10 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Şöbənin əməkdaşı Cəmilə Bağırova“İnklüziv elektron təhsildə adaptiv texnologiyaların tətbiqi” adlı məruzəni təqdim etdi. Məruzəçi e-təhsilin funksional strukturu, elektron maarifləndirici resurslar, adaptiv öyrədici sistem anlayışı, eləcə də e-təhsilin adaptasiyası üçün süni intellektin tətbiq olunması imkanları, süni intellekt əsasında elektron sistemin funksiyaları, elektron adaptiv öyrədici sisteminin struktur modeli və sistemdə yoxlamaya dair tələblər barədə məlumat verdi. Qeyd etdi ki, informasiyanın mənimsənilməsi prosesinin fərdi xüsusiyyətlərə operativ və fasiləsiz olaraq uyğunlaşdırılmasını nəzərdə tutan “adaptiv təhsil” termini elmə ingilis tədqiqatçısı Q.Raskom tərəfindən daxil edilib: “Bu yanaşmanın əsas məqsədi materialın mənimsənilməsini maksimum dərəcədə təmin etməkdir. Adaptiv təhsil klassik tədris metodları ilə müqayisədə bir çox üstünlüklərə malikdir.”
O, universitetlərdə elektron təhsilin funksional strukturunu təqdim edərək bildirdi ki, hazırda e-təhsil dünya təhsil təcrübəsində geniş istifadə olunur və yeni texnologiyalar e-təhsil sisteminin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır.
Məruzəçi qeyd etdi ki, adaptiv texnologiyaların istifadəsi müəllimlərə tələbələrin fəaliyyətinin gedişatını izləməyə, təhsilin məzmunu ilə qarşılıqlı fəaliyyətin tezliyini və vaxtını, şagirdin fəaliyyətində şəxsi keyfiyyət və problemlərlə bağlı ən tipik çətinlikləri müəyyən etməyə, eləcə də onların fərdi tədris və təhsil fəaliyyətlərini tənzimləməyə imkan verir.
C.Bağırova adaptiv elektron öyrədici sistemin tətbiqi ilə müasir tədris prosesinin texnoloquna çevrilən müəllimin əməyinin qeyri-məhsuldar xərclərinin azaldılmasına, təhsilin motivasiyasının yüksəldilməsinə imkan verəcəyini bildirdi.
Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.