AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev seminarın müasir dövrdə aktuallıq kəsb edən innovativ strukturların yaradılması və idarə olunması problemlərindən birinə – layihələrin qiymətləndirilməsi məsələsinə həsr olunduğunu bildirdi, bu sahədə mövcud tədqiqatların müasir vəziyyəti və perspektiv istiqamətləri haqqında məlumat verdi.
Sonra şöbənin əməkdaşı Roza Şahverdiyeva “İnnovativ strukturların idarəetmə fəaliyyətində elmi-texnoloji layihələrin səmərəlilik göstəriciləri və kriteriyaları əsasında qiymətləndirilməsi məsələləri” haqqında məruzəsini təqdim etdi. O, innovativ strukturların yaradılması və fəaliyyətinin təşkili üzrə elmi-texnoloji layihələrin işlənilməsinin metodoloji əsasları, innovativ layihələrin qiymətəndirilməsi kriteriyaları, bu layihələrin seçimi və qiymətləndirilməsi metodları və s. haqqında məlumat verdi.
R.Şahverdiyeva mövzunun aktuallığını şərtləndirən milli və beynəlxalq sənədlərdən bəhs etdi, innovativ strukturların yaradılması və idarə olunması problemlərindən danışdı. Onun sözlərinə görə, bu sahədə inkişaf strategiyasının işlənilməsi, elm-təhsil-biznes əlaqələrinin inteqrasiyası üzrə fəaliyyətin təşkili, elmi-tədqiqat işlərinin nəticələrinin kommersiyalaşdırılması, innovasiya layihələrinin qiymətləndirilməsi və seçimi, ümumi inkişaf modelinin işlənilməsi, effektiv informasiya təminatı sisteminin işlənilməsi, innovativ məhsul-xidmət istehsalının çoxfaktorlu korelyasiya-reqressiya modelinin işlənilməsi və müvafiq ekonometrik təhlillərin aparılması və s. həlli vacib məsələlərdəndir.
O, qeyd etdi ki, innovativ məhsulun yaradılması, istehsalı və reallaşdırılmasını təmin edən müəyyən ardıcıllıqla qarşılıqlı əlaqəli işlərin məcmusu olan innovasiya layihələri texniki, iqtisadi əsaslandırılmış məqsədlər, başlanğıc və əsaslandırılmış sona çatma müddəti, məhdud resurslar, yerinə yetirilmə ilə bağlı qeyri-müəyyənlik dərəcəsi, konfliktli situasiyalar və s. kimi spesifik xüsusiyyətlərə malikdir.
Məruzəçi innovasiya layihələrinin elmi-texniki əhəmiyyətlilik səviyyəsi, predmet-məzmun strukturu, ətraf mühitə təsiri, ölçüləri, miqyası, mürəkkəblik dərəcəsi reallaşma müddəti və s. əlamətlərinə görə klassifikasiya olunduğunu qeyd etdi, bu layihələrin yerinə yetirilmə mərhələlərindən söz açdı.
O, innovasiya layihəsinin qiymətləndirilməsinin kommersiya, inteqrativ, beynəlxalq, innovativ, informasiya, iqtisadi ekoloji, texniki və digər istiqamətlərdə aparıldığını vurğuladı, innovativ strukturlarda layihələrin seçim kriteriyaları üzrə qiymətləndirilməsi meyarları haqqında məlumat verdi. Həmçinin innovasiya layihəsini xarakterizə edən layihənin yerinə yetirilmə müddəti, layihənin dəyərlə ifadə olunmuş həcmi, onun maliyyə, əmək, maddi, istehsal kimi zəruri resurslarla təminatı, layihənin işini maliyyələşdirən sifarişçi və icraçı haqqındakı zəruri informasiya və s. göstəriciləri diqqətə çatdırdı.
İnnovasiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi üçün ekspert qiymətləndirmələri, variasiya və dayanıqlıq metodlarından istifadə olunduğunu qeyd edərək bildirdi ki, innovasiya layihələri ilkin mərhələdə ümumi, texniki, elan olunmuş tələblərə uyğunluq baxımından yoxlanılır və seçilir, sonra isə qiymətləndirilmə üçün ekspertiza mərhələsinə daxil edilir.
R.Şahverdiyeva eksperiment zamanı elmi-texnoloji layihələrin müsabiqəsini həyata keçirən hər hansı innovativ strukturunun ekspertizadan keçirmək istədiyi nümunəvi 10 layihəyə baxıldığını bildirdi, layihələrin qərar qəbul edən şəxsin tələblərinə uyğun olaraq ekspertlər tərəfindən 8 meyar və çəki əmsallarına uyğun olaraq qiymətləndirildiyini nəzərə çatdırdı.
Sonda məruzəçi layihənin yekun qiymətləndirmələrinin nəticələrini, layihələrin kompleks qiymətləndirməsi üzrə dəyişənlərin asılılıq və paylanma qrafiklərini və layihələrin kompleks qiymətləndirməsi üzrə ekonometrik modelin statistik parametrlərinin qiymətlərini təqdim etdi.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. Məruzə əsasında hazırlanmış məqalənin beynəlxalq səviyyəli elmi jurnala təqdim olunması tövsiyə olundu.
Şöbə müdiri, dosent Ə.Əliyev bu istiqamətdə tədqiqatların perspektiv istiqamətlərini göstərərək onların daha da dərinləşdirilməsini tövsiyə etdi.