AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 və 6 saylı şöbələrin birgə seminarında “Əşyaların İnterneti texnologiyalarının tətbiqi ilə milli akustik intellektual monitorinq şəbəkəsinin elmi-nəzəri və arxitektur-texnoloji əsaslarının işlənməsi” mövzusu üzrə araşdırmaların ilkin nəticələri təqdim olundu. Məruzəni 6 saylı şöbənin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev təqdim edərək küyün insan orqanizminə təsiri, onun normalaşdırması və ölçməsi, mühafizəsi problemləri, beynəlxalq və milli qanunvericilik bazası, akustik küy monitorinqi sistemləri (AKMS), ərazinin küy xəritələri barədə məlumat verdi. Məruzəçi, BMT-nin dünyanın inkişafı konsepsiyalarından bəhs etdi, gələcək dayanıqlı inkişafın ekoloji problemlərin həllindən asılı olduğunu vurğuladı. O, bəşəriyyətin qlobal ekoloji problemlərindən danışaraq bildirdi ki, küy çirklənməsi insan sağlamlığına ziyanlı təsirinə görə ikinci ekoloji amildir. Məruzəçi, akustik küyün tezlik spektri, zaman, tezlik xarakteristikaları, yaranma təbiətinə görə təsnifatı və onun yayılma arealını diqqətə çatdırdı. Son 10-15 ildə ərzində böyük şəhərlərdə küy çirklənməsinin 1,5 dəfə artdığını dedi.
B.Ağayev qeyd etdi ki, səs-küyün tezlik diapazonları üzrə təsnifatı, tezlik və zamana görə təsviri, səsin intensivliyi və ucalığı onun fiziki parametrləri, nəqliyyat vasitələri, texnoloji və mühəndis avadanlıqları, ictimai və kommunal fəaliyyət küyləri isə əsas küy mənbələridir. Məruzəçi, küyün insan orqanizminə mənfi təsirləri, onun yaratdığı xəstəliklər, eşitmə həddinin azalmasına məruz qalan insanların payı, yaşayış və ictimai binalar üçün ölçmə normaları, kollektiv, eləcə də fərdi mühafizə tədbirləri, onların növləri haqqında məlumat verdi. Şöbə müdiri həmçinin, akustik küy üzrə normativ beynəlxalq hüquqi bazanı, eləcə də MDB ölkələrinin, Azərbaycanın qanunvericilik bazalarını diqqətə çatdırdı.
B.Ağayev insanın təsərrüfat fəaliyyəti nəticəsində ətraf mühitin küy çirklənməsinin kompleks müşahidəsi, qiymətləndirilməsi və proqnozlaşdırılması prosesi olan akustik küy monitorinqi, onun funksional mərhələləri, monitorinq sisteminin səviyyələri haqqında danışdı. Qeyd etdi ki, ərazidə akustik küy çirklənməsi səviyyələrinin ölçülməsi, verilənlərinin qəbulu, toplanması və arxivləşdirilməsi, monitorinq nəticələrinin vizuallaşdırılması məqsədilə sahələrin küy xəritələrinin işlənməsi, faktiki küy vəziyyətinin normativ qiymətlərlə müqayisəsi, vəziyyətin müəyyənləşdirilməsi və proqnozlaşdırılması küy monitorinq sistemlərinin əsas məqsəd və funksiyalarıdır.
Məruzəçi, sonda ölkəmizdə bu sahədə mövcud problemlərdən söz açaraq Azərbaycanda küy məsələlərinə aid yeni qanunvericilik bazasının yaradılmasının, milli AKMS-in yaradılması istiqamətində Bakı şəhərinin AKMS-nin yaradılması konsepsiyasının işlənməsinin, küy vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə kompleks elmi-praktiki işlərin aparılmasının zəruriliyindən danışdı. O, AKMS-nin yaradılması proqramının, iş planının işlənilməsi və mərhələli tətbiqinin, şəhərin küy xəritələrinin hazırlanmasının, sistemin təkmilləşdirilməsinin və əhatə dairəsinin genişləndirilməsinin vacib məsələlərdən olduğunu vurğuladı.
Daha sonra institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək tədqiqatın müasir dövrdə aktuallıq kəsb etdiyini və ölkə əhəmiyyətli məsələlərə həsr olunduğunu bildirdi. R.Ələkbərov statistik küy monitorinqi problemlərinin respublikada ilk dəfə araşdırıldığını vurğuladı. İnstitutda akustik küy monitorinqi lokal sisteminin tətbiqi üçün zəruri avadanlıqların mövcud olduğunu söyləyən direktor müavini bu sistemin institut ilə yanaşı, yaxın ərazilərdə də praktiki iş kimi tətbiqinin mümkünlüyünü bildirdi. İnstitutun 4 və 6 saylı şöbələrinin bu sahədə birgə əməkdaşlığı davam etdirməsini tövsiyə etdi.
Məruzə ətrafında gedən müzakirələrdə institutun böyük elmi işçisi Məmməd Həşimov, 4 saylı şöbənin baş mütəxəssisləri Tural Mustafayev və Oqtay Ələkbərov iştirak edərək təklif və tövsiyələrini səsləndirdilər.