Azərbaycanda telefonla idarə olunacaq Ağıllı bağ yaradılır 2019-03-28 17:00:00 / MARAQLI MƏLUMATLAR

Azərbaycanda ilk dəfə Qubada müasir texnologiyaların tətbiq olunduğu “Ağıllı bağ” yaradılır. 15 hektar sahədə salınan meyvə bağına cəmi 3 nəfər nəzarət edəcək. Bu bağda aqrotexniki qulluq işləri telefon və ya kompüter vasitəsilə uzaqdan idarə olunacaq.

Xeberler.az  bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu yeni layihənin icrasına başlayıb. “Ağıllı bağ” layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılaraq, kompüter idarəetməsi tətbiq olunacaq.

Qarışıq meyvə bağında alma, armud, heyva, şaftalı və gilas olmaqla, ümumilikdə, 23 min meyvə ağacı becəriləcək. Artıq tinglərin əkin prosesinə başlanılıb.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov  bildirib ki, bu bağda avtomatlaşdırılmış suvarma və gübrələmə sistemləri quraşdırılacaq. Ən böyük yeniliklərdən biri də odur ki, su mənbəyi üçün qazılan subartezian quyusu günəş panellərindən alınmış elektrik enerjisi ilə çalışacaq. Gələcəkdə bu təcrübədən ölkəmizin çətin relyefli, elektrik enerjisi ilə təminat yerindən uzaq məsafədə yerləşən təsərrüfat sahələrində də yararlanmaq mümkün olacaq.

“Ağıllı bağ”da günəş şüalarına, dolu və şaxtaya qarşı örtük sistemi də yaradılacaq. Bununla da məhsul itkisinin qarşısı alınacaq.

Bu bağların əsas üstünlüyü ondan ibarətdir ki, məhsuldarlıq 25 faiz artacaq. Bağda çalışanların sayı isə minimuma düşəcək. Bağ salındıqdan sonra cəmi 3 nəfər - su mühəndisi, mexanizator və aqronom becərilmə prosesinə nəzarət edəcək.

Daha bir yenilik “ağıllı bağ”da dədə-baba alma sortlarından ən populyarı “Qızıl Əhmədi”nin və institut tərəfindən yaradılan yeni “Sədəf” sortunun superintensiv qaydada yetişdirilməsi sınaqdan keçiriləcək.

“Ağıllı bağ”ın tam formalaşdırılması, becərilmənin avtomatlaşdırılmış idarəetmə sisteminə qoşulması iyun ayının sonuna kimi başa çatdırılacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024