ABŞ prokurorları “Facebook” sosial şəbəkəsinin fəaliyyəti barəsində cinayət işi başladıblar. İttihamçıları şirkətin digər şirkətlərlə istifadəçi məlumatlarını bölüşməsinə dair təcrübəsi maraqlandırır.
Xeberler.az bildirir ki, anti-malware.ru saytının məlumatına görə, Nyu-Yorkda böyük münsiflər heyəti “Facebook”la müvafiq razılaşmaların imzalanmasında şübhəli bilinən iki smartfon istehsalçısını məhkəməyə çağırıb. Müxtəlif tənzimləyici orqanlar, rəsmi şəxslər və tədqiqatçılar uzun müddətdir ki, hüquq müdafiəçilərində bir çox sualların yaranmasına səbəb olan “Facebook” təcrübəsini öyrənirlər.
“Daha əvvəl də bildirildiyi kimi, federal araşdırmalar tam sürətlə aparılır. Bu işə ABŞ-ın Ədliyyə Nazirliyi də qoşulub. Artıq qeyd etmişik ki, bu araşdırma ilə məşğul olan strukturlara hər yolla kömək etməyə çalışırıq. Biz cəmiyyət qarşısında ifadə vermişik, bütün sualları cavablandırmışıq, gələcəkdə də belə davam etməyi planlaşdırırıq”, – deyə “Facebook”un rəsmi nümayəndəsi məlumat verib.