AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Mobil hesablama buludlarının arxitekturu” mövzusuna həsr olunduğunu bildirdi.
Məruzəni təqdim edən şöbənin baş mütəxəssisi Oqtay Ələkbərov mobil hesablama buludlarının mobil qurğuları baza stansiyalarının köməyi ilə İnternet üzərindən hesablama buludları sistemlərinə qoşan və onun xidmətlərindən istifadəni təmin edən yeni şəbəkə texnologiyası olduğunu bildirdi.
O, mobil avadanlıqların növlərindən söz açaraq İnternetə qoşulan mobil avadanlıqların inkişaf dinamikasını təqdim etdi. Məruzəçi hesablama buludlarının tipləri, mobil hesablama buludlarında istifadə edilən xidmətlər və onların tətbiq sahələrindən bəhs etdi. Mobil hesablama buludlarının “Mobile Commerce”, “Mobile HealthCare”, “Mobile Learning”, “Mobile Gaming” kimi sahələrdə geniş tətbiq olunduğunu söylədi.
O.Ələkbərov mobil hesablama buludlarının üstünlüklərini təqdim etdi. Onun sözlərinə görə, bu buludlar mobil qurğuların batareyalarının işləmə müddətinin uzadılması, hesablama gücü və yaddaşın həcminin artırılması, istifadəçilərin məlumatlarının bir neçə ehtiyat kompüterdə saxlanması ilə etibarlılığın təmin olunması, məlumatların buludlarda saxlanmasını təşkil etməklə dünyanın istənilən nöqtəsindən bu məlumatlardan istifadəyə şəraitin yaradılması, asan inteqrasiya və xidmət haqqının aşağı olması kimi imkanlara malikdir.
Məruzəçi mərkəzləşdirilmiş və iyerarxik arxitekturalı mobil hesablama buludları, Cloudlet-lərin imkanları barədə məlumat verdi. Qeyd etdi ki, mobil hesablama buludlarında bulud xidmətlərindən səmərəli istifadəyə təsir göstərən problemlərin həlli məqsədilə iyerarxik arxitekturlu mobil Cloud Computing sistemlərdən istifadə edilməsi, Cloudlet-lər əsasında şəbəkə infrastrukturunun yaradılması, tətbiqi proqramların əsas və köməkçi hissələrinin buludda və mobil qurğularda yerləşdirilməsinin optimallaşdırılması, gecikmələri azaltmaq üçün proqram əlavələrinin istifadəçiyə yaxın Cloudlet-lərdə yerləşdirilməsi, istifadəçi ilə Cloudlet-lər arasında minimal əlaqə kanalından istifadə edilməsi və s. strategiyalardan istifadə olunur.
Sonda O.Ələkbərov mobil hesablama buludlarında informasiya təhlükəsizliyi, konfidensiallıq və gizlilik, məlumatların tamlığının qorunması, kiberhücumlarla mübarizə istiqamətində görülməli işləri diqqətə çatdırdı.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.