Apple şirkətinin məhsulları barəsində öz proqnozları ilə məşhurlamış analitik Ming-Chi Kuo-nun fikrincə Apple şirkəti öz ilk AR eynəklərini (artırılmış reallıq eynəkləri) bu ilin 4-cü rübündə satışa çıxardacaq və onlar iPhone üçün əlavə aksessuar qismində çıxış edəcəklər. Bu barədə Macdigger saytı xəbər verib. Apple şirkəti artıq uzun müddətdir ki, özünün AR və VR eynəkləri üzərində çalışır və 10 ilə yaxındır ki, artırılmış reallıq ilə virtual reallıq texnologiyalarını tədqiq edir.
Şayiələrə əsasən şirkətin bu istiqamətdə tədqiqatlar aparan böyük bir şöbəsi də mövcuddur. Bu məlumatı həmçinin internetdə son zamanlar şirkətin sözügedən texnologiyalar barəsində ortaya çıxan patentləri də təsdiqləyirlər. Ming-Chi Kuo-nun sözlərinə əsasən AR eynəklər iPhone üçün əlavə aksessuar və ekran qismində çıxış edəcəklər. Beləliklə Apple şirkəti öz eynək modelini daha kompakt və yüngül hazırlaya biləcək. Bundan əlavə olaraq analitik düşünür ki, şirkət eynəklərin irimiqyaslı istehsalına artıq bu ilin 4-cü rübündə start verə bilər. Lakin müddətin 2020-ci ilə keçiriləcəyi ehtimalı da çox yüksəkdir. Qeyd etmək lazımdır ki, Apple şirkətinin CEO-su Tim Cook dəfələrlə AR texnologiyasının perspektivləri barəsində danışıb.