E-elm mühitində yaranan böyük həcmli elmi verilənlər problemləri araşdırılır 2019-03-06 17:00:00 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin “E-elm mühitində yaranan böyük həcmli elmi verilənlər problemlərinin araşdırılması” mövzusuna həsr olunmuş elmi seminarı keçirildi.

Şöbə müdiri Təhmasib Fətəliyev və şöbənin əməkdaşı Şahanə Mansurovanınhəmmüəllif olduqları məruzəni Ş.Mansurova təqdim etdi. Qeyd etdi ki, mövzu çərçivəsində böyük həcmli elmi verilənlər, Big data, onun arxitekturası, xarakteristikası, elm sahələrinə tətbiqləri, eləcə də elmi verilənlərin emalı texnologiyaları, AzScienceNet-in Cloud xidmətləri araşdırılıb.

Ş.Mansurovanın sözlərinə görə, böyük verilənlər termininin yaranmasına səbəb informasiya texnologiyalarının inkişafı və səhiyyə, astronomiya, bioinformatika, nəqliyyat, dövlət idarəçiliyi kimi sahələrə geniş tətbiqi ilə verilənlər axınının artmasıdır. O, e-elmin müxtəlif elm sahələrində tətbiqinin böyük həcmli elmi verilənlərin sürətlə artmasında generator rolunu oynadığını qeyd edərək elmi verilənlərin müşahidə, eksperimental, hesablama və məlumat verilənləri kimi növlərini təqdim etdi.

Ş.Mansurova Big datanı xarakterizə edən xüsusiyyətlərdən danışaraq onun arxitekturası, astronomiyada, tibbdə, genomikada tətbiqi imkanları haqqında məlumat verdi.

Məruzəçi böyük verilənlərin potensialının istifadəsi ilə bağlı bir çox problemlərin mövcud olduğunu qeyd etdi. Bildirdi ki, bu problemlərin bəziləri onun xüsusiyyətləri, cari analiz model və üsulları, digər bir qismi isə verilənlərin müasir emal sistemlərinin məhdudiyyətləri ilə bağlıdır. O, böyük verilənlərdə paylanmış miqyaslanan hesablama paradiqmaları texnologiyalarının tətbiqi ilə verilənlərin emalı və saxlanması problemlərinin aradan qaldırılmasına nail olunduğunu da vurğuladı.

Ş.Mansurova, həmçinin Cloud, Fog, Dew, Əşyaların İnterneti tətbiqlərində Dew computing, paylanmış hesablamaların iyerarxik strukturu haqqında məlumat verdi. Bildirdi ki, kommunikasiya-şəbəkə və hesablama infrastrukturunun formalaşdırılması e-elmin əsas vəzifələrindən biridir və e-elmin şəbəkə platforması AzScienceNet elm-kompüter şəbəkəsidir.

Məruzəçi böyük həcmli elmi verilənlərin mənbəyinin e-elm olduğunu, elmin müxtəlif sahələrində yaranmış elmi verilənlərin emalında müasir paylanmış hesablama texnologiyalarından istifadə edildiyini, eləcə də AzScienceNet şəbəkəsinin elmi qurumlar üçün bulud xidmətlərinin istifadəsini təmin etdiyini diqqətə çatdırdı.

Sonda məruzə ilə əlaqədar fikir mübadiləsi aparıldı, bir sıra təkliflər irəli sürüldü.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024