Fərdlərin sosial kapitalının qiymətləndirilməsi məsələləri araşdırılır 2019-03-06 16:00:00 / ELMİ İCLASLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

İnstitutun magistrantı Aygül Fəxrəddinqızı “İnformasiya cəmiyyətində fərdlərin sosial kapitalının qiymətləndirilməsi” mövzusunda məruzəni təqdim etdi.

Məruzəçi informasiya cəmiyyəti, sosial kapital, onun formaları, əhatə dairəsi və mənbələri, sosial kapitala dair yanaşmalar, sosial kapitalın ölçülməsi məsələləri haqqında məlumat verdi. Qeyd etdi ki, informasiya texnologiyalarından istifadə edərək yaradıcı və məhsuldar şəkildə beynəlxalq səviyyədə rəqabət üstünlüyünün qazanılması informasiya cəmiyyətinin əsas məqsədidir.

Məruzəçinin sözlərinə görə, insanlar arasında əlaqələr şəbəkəsi olan, müəyyən bir cəmiyyətdə yaşayan, işləyən və cəmiyyətin məqsədyönlü fəaliyyət göstərməsinə imkan verən sosial kapital normaları, dəyərləri və anlayışları bölüşərək qruplar daxilində və ya qruplar arasında əməkdaşlığı asanlaşdırır.

O, sosial kapital haqqında Pierre Bourdieu, James Coleman, Wayne Baker, Robert Putnam kimi müxtəlif sosioloqların yanaşmalarını diqqətə çatdırdı. Sosioloq R.Putnamın sosial kapitalın sosial normalar, sosial əlaqələr, etimad adlı üçfaktorlu modelini təklif etdiyini bildirdi.

Məruzəçi sosial kapitalın ölçülməsi üçün etimada əsaslanan, indeks-reytinq, dünya bankı metodları barədə də məlumat verdi.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev mövzu ilə bağlı fikirlərini səsləndirdi. Şöbə müdiri həmçinin, müasir dövr üçün sosial kapitalın qiymətləndirilməsi istiqamətində istifadə olunan metod və metrikalar üzrə araşdırmaların davam etdirilməsini tövsiyə etdi. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024