AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin növbəti elmi seminarı keçirilib. Seminar “Kompüter şəbəkələrinin monitorinqinin vizuallaşdırılmasında vizual analitikanın istifadəsi imkanları” mövzusuna həsr olunub.
Məruzəni təqdim edən institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev kompüter şəbəkələrinin monitorinqi sahəsindəki problemləri diqqətə çatdırıb. Kompüter şəbəkələrinin monitorinq sisteminə şəbəkə verilənlərinin fasiləsiz və sürətlə daxil olmasının böyük həcmdə informasiyanın toplanmasına səbəb olduğunu və şəbəkələrin effektiv monitorinqi üçün bu verilənlərin operativ analizinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Məruzəçi hazırda mövcud olan verilələrin analizi üsullarının bu məsələnin öhdəsindən lazımınca gələ bilmədiyini qeyd edib. O, bu səbəbdən böyük həcmdə verilənlərin analizi prosesində insanların (analitiklərin) iştirakına zərurət yarandığını və bunun üçün vizuallaşdırma üsullarından istifadə edilməsinin vacib olduğunu diqqətə çatdırıb.
Sonra R.Şıxəliyev verilənlərin və informasiyanın ənənəvi vizuallaşdırma üsullarından və onların şəbəkə monitoriqində istifadəsindən, bu üsulların çatışmazlıqlarından danışıb və onların aradan qaldırılması üçün vizual analitika üsullarından istifadənin zəruri olduğunu bildirib. Həmçinin, vizual analitika sahəsində mövcud olan yanaşmalar haqqında məlumat verib.
Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev mövzu üzrə bir sıra tövsiyə və təkliflərini səsləndirib.