İnstitutda Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi 2019-03-01 16:00:00 / KONFRANSLAR

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə institutun direktor köməkçisi Mahmud Vəlibəyov, ümumi işlər üzrə direktor müavini, institutun Fövqəladə Hallar komissiyasının sədri Şakir Mehdiyev, Mülki Müdafiə qərargahının rəisi Xalıq Həsənov və institutun əməkdaşları iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Ş.Mehdiyev 1 mart tarixinin 1972-ci ildən etibarən Beynəlxalq Mülki Müdafiə təşkilatının qərarı ilə bütün ölkələrdə Ümumdünya Mülki Müdafiə günü kimi qeyd edildiyini bildirdi. Azərbaycanın bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildən üzv olduğunu söyləyən Ş.Mehdiyev Mülkü Müdafiə (MM) orqanları qarşısında duran əsas vəzifənin əhalinin mühafizəsini təşkil etmək, onların fövqəladə hallardan mühafizə sahəsində hazırlığını təmin etməkdən ibarət olduğunu nəzərə çatdırdı.

Direktor müavini qeyd etdi ki, uşaqların həyat və təhlükəsizliyinin qorunması müharibə və təbii fəlakətlər zamanı uşaqlar arasında qurbanların sayının azaldılması, onların müdafiəsinin təmin olunması dünya ölkələrini narahat edən əsas məsələlərdəndir. Bu məqsədlə 2019-cu il Ümumdünya Mülki Müdafiə Günündə “Bizim vəzifəmiz uşaqların təhlükəsizliyini təmin etməkdir” şüarı elan edilib.

Ş.Mehdiyev institutda təhlükəsizliyin təmin olunması üçün bütün lazımı tədbirlərin görüldüyünü, institut əməkdaşlarına təxliyyə planlarının təqdim olunduğunu, bütün mərtəbələrdə odsöndürən balonların yerləşdirildiyini, MM anbarında əleyhiqaz və səs gücləndiricilərinin mövcud olduğunu qeyd etdi. Ş.Mehdiyev, həmçinin institutun yanğından mühafizə sistemləri ilə təchiz edildiyini diqqətə çatdırdı.

Sonra Xalıq Həsənov çıxış edərək MM-in əsas məqsədinin fövqəladə hadisələrin qarşısının alınması istiqamətində profilaktik tədbirlər planının hazırlanması, maariflənmə yolu ilə bir çox fövqəladə hallarda, istehsalat qəzaları və digər hadisələrin qarşısının alınmasında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi olduğunu vurğuladı.

Uşaqların təhlükəsizliyinin təmin edilməsinin cəmiyyətin inkişafına şərait yaratdığını bildirən qərargah rəisi bu səbəbdən mülki müdafiə, təhlükəsizlik və fövqəladə idarəetmə şöbələrində yarana biləcək təhlükələr barədə uşaqların məlumatlılığının artırılması, təhsil və mədəniyyət orqanları ilə birgə əməkdaşlıq edilməsinin zəruriliyini qeyd etdi.

X.Həsənov, həmçinin təbii fəlakətlər, istehsalat qəzaları və fövqəladə hallar zamanı davranış qaydalarını əyani olaraq nümayiş etdirdi.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024