İnstitutun gənc alim və mütəxəssisləri arasında müsabiqə elan edilir 2019-02-28 15:00:00 / MÜHÜM HADİSƏLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun gənc alim və mütəxəssisləri arasında 27 mart – “Elm günü” ilə əlaqədar müsabiqə elan edilmişdir. Müsabiqədə dissertasiya işini müdafiə etmiş və elmi fəaliyyətində xüsusi fərqlənənlər, eləcə də, yüksək akademik göstəriciləri ilə seçilən magistrantlar “İlin ən yaxşı gənc alimi”, nüfuzlu elmi bazalarda (Scopus, Web of Science) indeksləşən jurnallarda dərc olunmuş əsərlərinin sayına görə fərqlənənlər isə “Elmi fəaliyyətin nəticələrinə görə” nominasiyaları üzrə mükafatlandırılacaqlar. Bununla yanaşı, müxtəlif xidmətlərinə görə ayrı-ayrı  qurumlar və rəhbər şəxslər tərəfindən təltif edilənlər “İlin nailiyyəti”, ən yaxşı elmi məruzə ilə çıxış edənlər “Respublika və beynəlxalq səviyyəli elmi toplantılarda məruzə ilə çıxışa görə”, idman yarışlarının mükafatçıları isə “İdman yarışlarında uğurlarına görə” nominasiyaları üzrə qalib elan ediləcəklər.

Qeyd edək ki, müsabiqəyə bir nəfər yalnız bir nominasiya üzrə iddia təqdim edə bilər. Həmçinin müsabiqəyə kollektiv işlər qəbul edilmir.

Müsabiqədə iştirak etmək üçün sənəd və materiallar 7 mart 2019-cu il tarixinədək qəbul olunur. Nəticələrin “Elm günü” ərəfəsində açıqlanması və qaliblərin xüsusi təqdimat mərasimində mükafatlandırılması nəzərdə tutulur. Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim ediləcək.

Müsabiqənin bundan sonra hər il keçirilməsi planlaşdırılır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024