Birləşmiş Krallığın Kosmik Agentliyi ilə Azərkosmos-un əməkdaşlığının perspektivləri müzakirə olunub 2019-02-21 17:00:00 / MÜHÜM HADİSƏLƏR

Fevralın 20-də Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.

Xeberler.az bildirir ki, səfər çərçivəsində E.Nikolson “Azərkosmos”un rəhbərliyi ilə görüşüb. Görüş zamanı qonağa “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər və bu ilin fevral ayından kommersiya fəaliyyətinə başlayan “Azerspace-2” telekommunikasiya peyki barədə məlumat verilib.

E.Nikolson kosmik sahədə elmi-təcrübi tədqiqatların aparılması məqsədilə “Azərkosmos”un nəzdində yaradılan Tədqiqat və İnkişaf Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Görüşdə Azərbaycanda kosmik sahədə kadr potensialının inkişaf etdirilməsi, şirkətdə toplanmış təcrübənin tələbələrə ötürülməsi və yerli mütəxəssislərin hazırlanması istiqamətində görülən işlər qeyd olunub. “Azərkosmos”un kosmik sahə üzrə startap ekosistemində gördüyü işlər qonağın diqqətinə çatdırılıb. Birləşmiş Krallığın Kosmik Agentliyi və “Azərkosmos” arasında qurulan əməkdaşlığın perspektivləri müzakirə olunub. Peyk texnologiyaları sahəsində qlobal trendlər və telekommunikasiya sektorunun dəyişən dinamikası haqqında da fikir mübadiləsi aparılıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024