AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 və 2 saylı şöbələrinin növbəti birgə elmi seminarı keçirilib. Seminar “C&C kommunikasiya obrazları əsasında Deep Learning ilə botnetlərin aşkarlanması metodunun işlənməsi” mövzusuna həsr olunub.
Məruzəni təqdim edən institutun dissertantı Gülnarə Qarayevazərərli proqram təminatı ilə yoluxmuş kompüterlərin şəbəkəsi olan botnetlərdə komanda-idarəetmə sisteminin təşkili prinsiplərini diqqətə çatdırıb. Komanda-idarəetmə mərkəzləri ilə botlar arasında mübadilə edilən məlumatların bəzi xarakterik xüsusiyyətlərinin botnetləri aşkarlamağa imkan verdiyini və son illərdə botnetlərin aşkarlanması sahəsindəki tədqiqatlarda süni intellekt və dərin təlim metodlarına daha çox müraciət edildiyini vurğulayıb.
Məruzəçi hazırda müxtəlif sahələrdə geniş tətbiq edilən dərin neyron şəbəkələrin müxtəlif arxitekturaları, o cümlədən rekurrent neyron şəbəkələri, avtoenkoderlər və konvolyusiya neyron şəbəkələri barədə geniş məlumat verib. Aktivləşdirmə funksiyalarının növlərini və onların seçilməsi üzrə tövsiyələri diqqətə çatdırıb.
Seminarda baxılan məsələ üçün təklif edilmiş dərin neyron şəbəkəsinin arxitekturası əsaslandırılıb və onun komponentlərinin funksiyaları ətraflı izah edilib. Eksperimentlərdə istifadə edilən verilənlər bazalarının vacib xarakteristikaları, botnetlərin tanınması üçün istifadə edilən əlamətlərin tərkibi haqqında məlumat verilib və təklif edilmiş arxitekturada müxtəlif hiperparametrlərlə aparılmış eksperimentlərin nəticələri diqqətə çatdırılıb.
Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Dissertantın elmi rəhbəri, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev dissertantın gələcək tədqiqatları üzrə bir sıra tövsiyə və təkliflərini səsləndirib.