SDN sistemlərinin təlükəsizlik texnologiyaları analiz olunub 2019-02-20 12:00:00 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirilib. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın SDN sistemlərinin təlükəsizlik texnologiyalarının analizi və problemlərinə həsr olunduğunu diqqətə çatdırıb.

İnstitutun əməkdaşı Orxan Mənsimzadə məruzəni təqdim edərək qeyd edib ki, SDN şəbəkə administratorlarına yüksək səviyyəli funksionallıqlar vasitəsilə şəbəkələri idarə etməyə imkan verir. Onun sözlərinə görə, ənənəvi şəbəkə arxitekturlarından fərqli olaraq, SDN şəbəkə idarəetmə modelini asanlaşdırır ki, bu da operatorların şəbəkəni daha rahat idarə etməsinə şərait yaradır.

O.Mənsimzadə bu texnologiyanın arxitekturasının tətbiqi, idarəetmə və məlumat ötürmə səviyyələrindən ibarət olduğunu bildirib. Məruzəçinin sözlərinə görə, tətbiqi səviyyə şəbəkə operatorlarının müxtəlif tələblərinə sürətlə cavab verməyə imkan yaradır. SDN idarəediciləri üzərində işləmək üçün qurulmuş innovativ tətbiqi proqram təminatı və şəbəkə virtuallaşdırması, trafik monitorinqi, təhlükəsizliyin təkmilləşdirilməsi, yük balansı və s. kimi müxtəlif tələbləri yerinə yetirir.

İdarəetmə səviyyəsi ümumi SDN funksiyalarını icra edən protokollardan ibarətdir. Bu səviyyə tətbiqi və məlumat ötürmə səviyyələri arasında vasitəçidir. İdarəetmə və məlumat ötürmə səviyyələri bir-biri ilə “OpenFLow”, “NetConf” və s. kimi “APİ” (Application Programming Interface, Tətbiqi Proqramlaşdırma İnterfeysi) vasitəsilə əlaqə saxlayırlar.

O, həmçinin məlumat ötürmə səviyyəsinin üstünlükləri barədə məlumat verərək, onun şəbəkə elementlərindən və paket ötürülməsini təmin edən qurğulardan ibarət olduğunu söyləyib.

SDN-in təhlükəsizliyi məsələlərindən söz açan O.Mənsimzadə şəbəkələrarası ekranın ən məşhur təhlükəsizlik mexanizmlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, şəbəkələrarası ekranlar şəbəkə trafikinin izlənilməsi və  istifadəçilər yaxud şəbəkə administratorları tərəfindən müəyyən edilmiş hər hansı  meyarlara əsasən onların keçidinin və ya müdaxiləsinin təmin edilməsi funksiyasını həyata keçirirlər. O.Mənsimzadə, həmçinin SDN-in perspektivləri və protokolların imkanları barədə də məlumat verib.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024