AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev “Respublikada İKT profilli kadrların hazırlanmasının müasir vəziyyəti: beynəlxalq təcrübə, problemlər, perspektivlər və həlli yolları” mövzusunda məruzəni təqdim etdi. F.Ağayev öncə dünyanın bütün universitetlərində İKT ixtisasları üzrə tədrisin strukturu, İKT təhsili istiqamətləri, professional və xüsusi biliklər üzrə fənnlər haqqında məlumatı diqqətə çatdırdı.
Məruzəçi, “SE2014 Curriculum” layihəsinin bakalavrlar üçün proqram mühəndisliyi sahəsi üzrə tədris proqramının, “ACM” və “IEEE”nin iştirakı ilə informatika və proqram mühəndisliyi üzrə tədris standartının son versiyasının, “INCOSE”, “ACM”, “IEEE”nin iştirakı ilə proqram mühəndisliyi üzrə magistr hazırlığı üçün kurrikulumun, “SWEEBOK” tərəfindən proqram mühəndisliyi üzrə biliklər toplusunun işlənildiyini qeyd etdi.
O, həmçinin İT ixtisası üzrə kadrların hazırlanması üçün Şimali Amerika və “Career Space” Avropa Konsorsiumunun yanaşmalarından, İT ixtisasları üzrə ixtisas bölgüsündən, eləcə də İKT sektoru üzrə aktual ixtisasların tədrisindən bəhs etdi.
F.Ağayev ABŞ, Rusiya, Yaponiya, Asiyanın ali təhsil müəsissələrində İKT ixtisaslarının siyahısını, İKT ixtisasları üzrə ABŞ və Kanada universitetlərinin tədris proqramlarının məzmununu təqdim etdi. Bununla yanaşı, universitet məzunlarına verilən tələblər, mühəndis ixtisasları üzrə təhsil proqramlarının akreditasiyası barədə məlumat verdi.
Son dövrlər İKT sahəsinə marağın artdığını bildirən F.Ağayev proqram mühəndisliyi üzrə mütəxəssislərin müasir proqram təminatının işlənilməsi üçün proqramlaşdırmanın ən müasir texnologiyaları ilə işləmək qabiliyyətinə malik olmasının zəruriliyini vurğuladı.
F.Ağayev Azərbaycanda proqram mühəndisliyinin tədrisi problemlərindən və ali məktəblərin İT sahəsi üzrə mütəxəssis hazırlığı və bu sahədə mövcud çətinliklərdən danışaraq onların həlli istiqamətində ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Rusiya Federasiyası kimi qabaqcıl ölkələrin təcrübəsindən yararlanmağın əhəmiyyətindən söz açdı.
Sonra məruzəçi ölkəmizdə mövcud problemlərin həlli məqsədilə təkliflərini səsləndirdi. O, müvafiq peşə və təhsil standartlarının beynəlxalq təhsil proqramlarına uyğunlaşdırılmasının, müasir tələblərə cavab verən müvafiq maddi-texniki bazanın, informasiya texnologiyalarının kadr hazırlığına dəstək vermək məqsədi ilə AMEA və Təhsil Nazirliyinin alim və mütəxəssislərindən ibarət elmi-metodiki şuranın yaradılmasının, informasiya texnologiyaları sahəsində dünyanın aparıcı universitetlərində geniş istifadə olunan dərsliklərin müntəzəm olaraq Azərbaycan dilinə tərcümə edilməsinin zəruriliyini qeyd etdi.
Sonda AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək respublikada İKT profilli kadrların hazırlanması istiqamətində işlərin görülməsinin vacibliyindən danışdı. Akademik bu sahədə əldə olunmuş elmi-nəzəri nəticələrə dair məqalənin hazırlanmasını, seminar və dəyirmi masaların keçirilməsinin əhəmiyyətini qeyd etdi. Həmçinin, ali təhsil ocaqlarında fəaliyyət göstərən İKT profilli mütəxəssislərin bir araya toplaşdığı konfransın keçirilməsinin önəmini diqqətə çatdırdı.