AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevin “Applied Problems and Directions of Decisions of Green Technologies in Sustainable Development of Information Economics”(İnformasiya iqtisadiyyatının davamlı inkişafında yaşıl texnologiyaların tətbiqi problemləri və həlli istiqamətləri) adlı elmi məqaləsi “Web of Science” bazasında indeksləşən “European Journal of Sustainable Development” beynəlxalq jurnalda nəşr olunub.
Məqalədə informasiya iqtisadiyyatının davamlı inkişafında yaşıl texnologiyaların tətbiqi problemləri və həll istiqamətləri haqqında məlumat verilib. Qloballaşma və inteqrasiya şəraitində yaşıl iqtisadiyyatın formalaşdırılması zərurəti və ona keçidin səbəbləri şərh olunub, sənaye, postsənaye həmçinin informasiya və biliyə əsaslanan iqtisadiyyatın yaşıllaşdırılması problemləri müəyyənləşdirilib. Bununla yanaşı, informasiya və biliyə əsaslanan iqtisadiyyatın davamlı inkişafında yaşıllaşdırma mərhələsi və vasitələri, yaşıllaşdırma prosesinin iqtisadi inkişafdakı funksiyaları təqdim olunub. Yaşıl iqtisadiyyatın formalaşması üzrə beynəlxalq və regional vəziyyət təhlil olunaraq, iqtisadiyyatın davamlı inkişafında yaşıllaşdırma səviyyəsinin qiymətləndirilməsi üçün müxtəlif göstəricilər və indekslər təklif edilib. İqtisadi fəaliyyət sferasının yaşıllaşdırılmasında İKT-nin əhəmiyyəti əsaslandırılıb. Yeni tipli informasiya iqtisadiyyatının yaşıllaşdırılmasında İKT-nin tətbiqi vasitələri, istiqamətləri, problemləri və həll istiqamətləri göstərilib.
Qeyd edək ki, “European Journal of Sustainable Development” jurnalı “Web of Science”(“Clarivate Analytics Emerging Sources Citation Index”), “Harvard University Library”, “Directory of Open Access Scholarly Resources-ROAD”, “EBSCOhost Publishing”, “Index Copernicus International”, “Google Scholar” və digər nüfuzlu elmi bazalarda indeksləşir.