AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin 2019-cu il üzrə fəaliyyət planı müzakirə olundu. Planı təqdim edən şöbə müdiri Anar Səmidovcari ildə aparılacaq elmi-tədqiqat işləri haqqında məlumat verdi. O, “İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə İnternetdə reklam-marketinq üçün verilənlərin səmərəli toplanması metodunun işlənməsi, İnternet reklam-marketinqinin səmərəliliyinin yüksəldilməsi üçün əks-əlaqə mexanizminin sentiment-analiz texnologiyalarına tətbiqi və effektiv metodun işlənməsi istiqamətlərində tədqiqatların aparılacağını dedi.
Şöbə müdiri “Fraktal qrafikanın tətbiq sahələri və inkişaf perspektivləri” mövzusu üzrə görüləcək işlərdən bəhs edərək bildirdi ki, cari il ərzində fraktal qrafikanın elementləri və onların müasir arxitektura və inşaatda istifadəsi, fraktal qrafikanın tətbiq sahələri və fraktal həndəsənin kompüter dizaynında tətbiqi və perspektivləri ilə bağlı araşdırmaların aparılması nəzərdə tutulur.
Məruzəçi cari ildə şöbədə 3D çap texnologiyalarının müasir istehsala təsiri məsələlərinin araşdırılacağını vurğuladı.
Sonra A.Səmidov şöbədə elmi-innovasiya fəaliyyəti çərçivəsində həyata keçiriləcək işlərdən söz açdı. Qeyd etdi ki, cari il ərzində şöbədə korporativ üslubların yaradılması və kreativ dizayn layihələrinin hazırlanması, “Multimedia Qalereyası”na foto və video materialların daxil edilməsi, dünya şöhrətli alim Lütfi Zadə haqqında məlumatların toplanması, institutun əməkdaşları tərəfindən tərtib edilmiş kitab, tədris materialları, müxtəlif çap məhsullarının tərtib olunması, virtual reallığın qrafik sisteminin, eləcə də 3D qrafik proqramların mənimsənilməsi və digər istiqamətlərdə praktiki işlər həyata keçiriləcək.
O, həmçinin şöbədə elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək işləri nəzərə çatdırdı.
Sonda fəaliyyət planına dair müzakirələr aparıldı. Şöbənin elmi fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı təklif və tövsiyələr səsləndirildi.