AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin müdiri Mədinə Səidova rəhbərlik etdiyi şöbənin 2019-cu il üzrə fəaliyyət planını təqdim etdi. M.Səidova şöbədə aparılacaq elmi-tədqiqat işlərindən söz açaraq elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, cari ildə elmi təşkilatların, tədqiqatçıların fəaliyyətinin çoxmeyarlı qiymətləndirilməsi üçün metodların işlənilməsi nəzərdə tutulur.
M.Səidova antiplagiat sistemlərinin analizi və milli antiplagiat sisteminin yaradılması konsepsiyasının işlənilməsi ilə bağlı görüləcək işlərdən danışdı. Məruzəçi antiplagiat sistemlərinin iş prinsiplərinin öyrənilməsi, İnternet mühitində mövcud “yırtıcı nəşriyyat” və “oğurlanmış jurnal”ların aşkarlanması və onlardan qorunmaq üçün tövsiyələrin işlənilməsi, plagiatlıqla mübarizə üsulları, Azərbaycanda intellektual e-kitabxanaların formalaşması problemləri və həlli yollarının araşdırılması ilə bağlı tədqiqatların planlaşdırıldığını diqqətə çatdırdı. Bildirdi ki, bununla yanaşı e-dövlət mühitində Azərbaycan dilinə dair bəzi xidmətləri həyata keçirən intellektual sistemlərin yaradılması, Azərbaycan dilinin öyrədilməsi və qiymətləndirilməsinin mövcud vəziyyətinin tədqiqi, bu istiqamətdə xarici təcrübənin araşdırılması nəzərdə tutulur.
Məruzəçi cari il üzrə şöbə əməkdaşlarının elmi-innovasiya və praktiki fəaliyyəti haqqında ətraflı məlumat verdi. O, elmi-texniki informasiyanın komplektləşdirilməsi, kataloqlaşdırılması, sistemləşdirilməsi və yayılması ilə əlaqədar bir sıra tədbirlərin həyata keçiriləcəyini bildirdi. Həmçinin beynəlxalq elmi-texniki cəmiyyətlərə üzvlüklə əlaqədar işlərin davam etdiriləcəyini vurğuladı.
Sonra şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən danışan M.Səidova cari ildə Azərbaycanın Kitabxana İnformasiya Konsorsiumunun üzvü olaraq “EBSCO”, “eİFL“ və s. kimi informasiya bazalarından istifadə imkanlarının yaradılacağını, “Exlibris” şirkəti ilə Alephino Kitabxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi və müşaiyəti ilə əlaqədar əməkdaşlıq əlaqələrinin qurulacağını bildirdi.
O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək işlərdən bəhs etdi.
Sonra şöbənin elmi fəaliyyətinə dair ətraflı fikir mübadiləsi aparıldı. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Akademik antiplagiatlıq imkanları olan elektron kitabxanaların yaradılması, kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, cəmiyyətlə əks əlaqənin qurulması üçün sentiment analizin aparılmasının zəruriliyini vurğuladı.
Alim həmçinin, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” haqqında məlumat verdi. Fərmandan irəli gələn vəzifələrin həlli məqsədilə beynəlxalq təcrübəni nəzərə almaqla ölkədə kitabxana sisteminin yenidən qurulması istiqamətində elmi vəzifələrin müəyyənləşdirilməsi problemini şöbənin qarşısında vəzifə olaraq müəyyənləşdirdi.