AMEA İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin 2019-cu il üzrə fəaliyyət planı müzakirə olundu. Planı təqdim edən şöbə müdiri Şakir Mehdiyev cari ildə nəzərdə tutulan elmi-tədqiqat işləri haqqında məlumat verdi. O, informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində tədqiqatların bu il də davam etdiriləcəyini diqqətə çatdırdı.
Şöbə müdiri şəbəkə mühitində texniki nasazlıqların diaqnostikası üçün ekspert sistemlərinin yaradılmasının arxitektur-texnoloji prinsiplərinin işlənilməsi istiqamətində ekspert diaqnostik sistemlərinin model və metodların analizi, e-elm mühitinə kiber-fiziki sistemlərin inteqrasiyası məsələlərinin tədqiqinin nəzərdə tutulduğunu bildirdi.
Ş.Mehdiyev texniki sistemlərdə diaqnostikanın aparılacağını, simsiz şəbəkə sistemlərinin müasir vəziyyəti və inkişaf tendensiyalarının, mikroprosessor arxitekturasında istifadə olunan yeni yanaşmaların araşdırılacağını da diqqətə çatdırdı.
Məruzəçi şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti çərçivəsində görüləcək işlərdən bəhs edərək qeyd etdi ki, “Ali təhsil müəssisələrində multi-ixtisaslı mütəxəssislərin hazırlanmasında innovativ texnologiyaların transferinin rolu” mövzusunda qrant layihədə iştirak nəzərdə tutulur. Direktor müavini bununla yanaşı, cari ildə AMEA-nın institut və təşkilatlarına məxsus olan fərdi kompüterlərdə mühəndis və proqram xidmətlərinin yerinə yetirilməsi, təmir-sazlama və onların texniki imkanlarının artırılması işlərinin həyata keçiriləcəyini bildirdi.
O, həmçinin şöbədə elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək işləri nəzərə çatdırdı.
Sonda fəaliyyət planı ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr səsləndirildi.