Dekabrın 14-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” mövzusunda IV respublika konfransı keçirildi. Konfransda ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları (İT) sahəsi üzrə tədqiqatçıları və mütəxəssisləri, KİV nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə qlobal informasiya cəmiyyətinin ən aktual elmi problemlərindən biri olan və multidissiplinar xarakter daşıyan informasiya təhlükəsizliyi üzrə konfransın böyük əhəmiyyətə malik olduğunu söylədi.
“İnformasiya cəmiyyətinin uğurlu, dayanıqlı inkişafının təmin edilməsi informasiya təhlükəsizliyinin təmin olunması səviyyəsindən birbaşa asılıdır”, – deyə bildirən AMEA prezidenti qeyd etdi ki, müasir dünyada rəqəmsallaşdırma və virtual münasibətlər genişləndikcə informasiya təhlükəsizliyinin rolu da artmaqdadır. İnformasiya təhlükəsizliyi milli təhlükəsizlik sisteminin ən mühüm istiqamətlərindən birinə çevrildiyini vurğulayan alim bildirdi ki, bu gün informasiya təhlükəsizliyinin kompleks təminatı həyata keçirilmədən milli suverenliyin qorunması, beynəlxalq terrorizim, kibercinayətkarlıq, kriminal iqtisadiyyatla mübarizə, şəxsi həyatın toxunulmazlığının təmin edilməsi kimi problemlərin uğurlu həlli mümkün deyil.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə informasiya cəmiyyəti quruculuğu prosesinin uğurla həyata keçirildiyini söyləyən A.Əlizadə ölkəmizin informasiya cəmiyyəti, onun mühüm istiqamətləri olan genişzolaqlı İnternet, eləcə də elektron dövlətin inkişaf tempinə görə dünyada layiqli mövqelərdən birini tutduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bu inkişaf prosesləri ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunmasının da aktuallığını artırır.
“Son illər ölkəmizdə informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə qanunvericilik, infrastruktur, kadr hazırlığı, maarifləndirmə və s. istiqamətlərdə mühüm işlər görülməkdədir”, – deyən A.Əlizadə bu məqsədlə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun qəbul edildiyini, Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi üzrə Milli Strategiyanın layihəsinin işlənib hazırlandığını və digər işlərin həyata keçirildiyini dedi.
Alim qeyd etdi ki, bununla yanaşı, xarici ölkələrdən texnoloji asılılığın aradan qaldırılması üçün yüksəkixtisaslı kadrların yetişdirilməsi, İKT sənayesinin, o cümlədən proqram mühəndisliyi sənayesinin formalaşdırılması, informasiya təhlükəsizliyi üzrə gənc kadrların yetişdirilməsi vacib məsələlərdəndir.
Akademik AMEA-da informasiya təhlükəsizliyi üzrə yüksəkixtisaslı elmi kadrların hazırlanması işlərinin həyata keçirildiyini bildirərək İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyinin dövlət maraqları baxımından mühüm əhəmiyyət kəsb edən bir sıra aktual istiqamətləri üzrə elmi tədqiqatların aparıldığını, dissertasiya işlərinin yerinə yetirildiyini nəzərə çatdırdı. Həmçinin qeyd etdi ki, AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərməklə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet elm-kompüter şəbəkəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz informasiya təhlükəsizliyi ilə bağlıdır.
A.Əlizadə ölkəmizin informasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi və inkişafı üçün bu kimi elmi-nəzəri konfrasların və ictimai müzakirələrin keçirilməsinin vacib olduğunu söyləyərək artıq ənənə halını almış bu konfransın gələcəkdə beynəlxalq səviyyəli elmi toplantıya çevrilməsinin zəruriliyini vurğuladı.
Sonra AR Milli Məclisinin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək artıq dördüncü dəfədir keçirilən konfransın əhəmiyyətini qeyd etdi. Bu kimi tədbirlərin keçirilməsinin informasiya təhlükəsizliyinin aktual problemlərinin müzakirəsi baxımından böyük imkanlara malik olduğunu söylədi.
Sonra İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov “AzScienceNet elm kompüter şəbəkəsinin informasiya təhlükəsizliyi məsələləri” mövzusunda məruzə ilə çıxış etdi. O, AzScienceNet şəbəkəsinin infrastrukturu, istifadə siyasəti, şəbəkənin Data Mərkəzinin texniki imkanları, şəbəkənin GEANT şəbəkə infrastrukturuna inteqrasiyası, Azərbaycan Təhsil Şəbəkəsi ilə əməkdaşlıq, informasiya təhlükəsizliyinin təmin olunması üçün görülmüş işlər, şəbəkədən istifadə zamanı yolverilməz əməllər, istifadəçilərə nəzarət və xəbərdarlıq, təhlükəsizlik hadisələrinin qurma səbəbləri haqqında ətraflı məlumat verdi.
R.Ələkbərov şəbəkədə informasiya təhlükəsizliyi siyasətinin məqsəd və vəzifələrindən söz açaraq bildirdi ki, informasiya təhlükəsizliyinə təhdidlərin AMEA-nın şəbəkələrinə və informasiya resurslarına vura biləcəyi maddi və mənəvi ziyanın minimumlaşdırılması, AMEA-nın işgüzar nüfuzunun yüksəldilməsi, informasiya təhlükəsizliyi üçün vahid prinsiplərin formalaşdırılması, informasiya təhlükəsizliyi sisteminin yaradılması, fəaliyyəti və inkişafı üçün müvafiq təşkilati-metodiki bazanın formalaşdırılması əsas məqsəd və vəzifələrdəndir.
Məruzəçi şəbəkədə informasiya təhlükəsizliyi sisteminin yaradılması zamanı həll edilən əsas məsələlərdən danışdı, bu məsələlərə AMEA korporativ şəbəkəsində informasiya təhlükəsizliyinə potensial təhdidlərin müəyyənləşdirilməsi və onların analizi, AMEA korporativ şəbəkəsində kontent üzrə informasiya resurslarının təsnifatı, informasiya təhlükəsizliyi baxımından vahid tələblərin və qaydaların müəyyənləşdirilməsi, eləcə də informasiya təhlükəsizliyi sistemi üçün tələblərin formalaşdırılmasının aid edildiyini bildirdi.
R.Ələkbərov, həmçinin AzScienceCERT xidməti, AzScienceNet-in monitorinq və informasiya təhlükəsizliyi xidməti və bu xidmətin təşkili üçün istifadə olunan proqram təminatları və avadanlıqlar, Verilənlərin Emalı Mərkəzinin avadanlıqların etibarlılığının artırılması, informasiya təhlükəsizliyi üzrə fəaliyyətin genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı görülən işləri nəzərə çatdırdı.
Daha sonra institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev “Elektron dövlətdə milli təhlükəsizliyə bəzi təhdidlərin aşkarlanması metodları haqqında” mövzusunda məruzə ilə çıxış edərək elektron dövlət mühitində terrorizmi təbliğ edən mətnlərin filtrasiyasına dair yanaşma, təhdidlərin qiymətləndirilməsi üçün qeyri-səlis model, e-dövlət mühitində toplanmış məlumatlardan anomaliyaların aşkarlanması üçün metodun təklif olunduğunu bildirdi. Həmin metod və modellər haqqında ətraflı məlumat verərək bildirdi ki, bu metodların digər məlum metodlarla müqayisəsi aparılmış, eksperimental nəticələr yeni yanaşma və metodların effektivliyini sübut etmişdir.
Daha sonra konfrans “İnformasiya təhlükəsizliyinin elmi-nəzəri problemləri”, “İnformasiya təhlükəsizliyinin humanitar problemləri” və “İnformasiya təhlükəsizliyinin praktiki problemləri” bölmələri üzrə seksiya iclasları ilə davam etdirildi. İclaslarda “E-dövlət mühitində sosial münasibətlərin təhlükəsizliyi”, “Bulud əsaslı elektron dövlət xidmətlərinin səmərəliliyinin artırılması metodu”, “Sosial şəbəkələrdə saxta profillərin aşkarlanması məsələləri”, “İnformasiya iqtisadiyyatının kibertəhlükəsizliyinin təminatı istiqamətləri və texnologiyaları”, “Elektron milli dövlət: Azərbaycan dilinin qorunması və inkişafı üçün imkan və perspektivlər”, “Plagiatlıqla mübarizə informasiya təhlükəsizliyinin mühüm istiqaməti kimi”, “Elektron dövlət mühitində fərdi məlumatların mühafizəsi problemləri”, “Proqram təminatının təhlükəsizliyinin təmin olunmasının bəzi üsulları haqqında”, “Proqram təminatının testləşdirilməsi üçün sınaq texnologiyalarının təhlili”, “Verilənlərin sanitarizasiyası – informasiya təhlükəsizliyinin təmini kimi”, “Kompüter şəbəkələrində zərərli proqramların analizi üsulları” və s. mövzularda məruzələr təqdim olundu.