Dekabrın 13-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya şurasının növbəti iclası keçirildi.
Tədbiri giriş sözü ilə açan şuranın sədr müavini, texnika elmləri doktoru, professor Ələkbər Əliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək iclasın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Gülnarə Nəbibəyovanın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Elektron dövlət mühitində ölkələrarası inteqrasiya proseslərinin ölçülməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunduğunu bildirdi.
Öncə Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev iddiaçının şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.
Sonra G.Nəbibəyova dissertasiyanı təqdim edərək işin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı.
İddiaçı bildirdi ki, elmi-texniki inkişaf, kompüterləşmə və yeni informasiya texnologiyalarının tətbiqi nəticəsində iqtisadi, təhsil və mədəniyyət sahələri, eləcə də dövlət idarəçiliyi kimi əhəmiyyətli sahə getdikcə daha da müasirləşir. İnformasiya cəmiyyətinə məxsus keyfiyyət baxımından yeni idarəetmə forması olan elektron dövlət siyasi sahənin tənzimlənməsi üçün informasiya texnologiyalarından fəal istifadə ilə səciyyələnir. İnteqrasiyanın müxtəlif sahələrdə müşahidə olunduğu qloballaşma şəraitində hansı ölkə ilə və hansı sahədə daha sıx əlaqə və münasibətlərin qurulduğunu bilməyin əhəmiyyətliliyi, bir ölkənin digər ölkələrlə bütovlükdə və müxtəlif sahələrdə ayrı-ayrılıqda inteqrasiya səviyyəsinin qiymətləndirilməsinin vacibliyi aktual məsələlərdəndir.
Onun sözlərinə görə, dissertasiya işinin əsas məqsədi elektron dövlət mühitində xarici siyasətin həyata keçirilməsinin effektivliyinin artırılması məqsədilə beynəlxalq inteqrasiya proseslərinin kompleks şəkildə qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsidir.
Müzakirələrdə şöbə müdiri, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, texnika elmləri doktoru, professor Nadir Ağayev çıxış edərək dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün əsaslı tədqiqatlar aparıldığını və dissertasiya işində əldə olunmuş nəticələrin elmi yenilik olduğunu bildirdilər.
İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli səsvermə keçirildi və G.Nəbibəyovaya texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.