Dekabrın 13-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya şurasının növbəti iclası keçirildi.
Öncə İnstitutun Dissertasiya şurasının üzvü, texnika elmləri doktoru, professorVidadi Musayevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Alim iclasın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Rəhilə Həsənovanın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Tədqiqatçıların və elmi əsərlərin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunduğunu bildirdi.
Sonra Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev iddiaçının şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.
Rəhilə Həsənova dissertasiyanı təqdim edərək işin aktuallığı, elmi yeniliyi, məqsədi, müdafiəyə çıxarılan əsas müddəaları, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı. Tədqiqat işinin giriş, 4 fəsil, nəticə, 167 adda ədəbiyyat siyahısı və əlavədən ibarət olduğunu bildirdi.
Məruzəçi dissertasiya işində elmmetriya, o cümlədən bibliometriya və vebometriyanın müasir vəziyyətinin öyrənildiyini və elmmetrik qiymətləndirmədə istifadə olunan indekslərin analiz edildiyini, tədqiqatçının elmi fəaliyyətinin qiymətləndirilməsi üçün yeni indekslərin işlənildiyini, dissertasiya işlərinin ilkin avtomatlaşdırılmış ekspertizası üçün yeni metod və alqoritmlərin təklif edildiyini qeyd etdi.
R.Həsənova dissertasiya işinin elmi yeniliyini diqqətə çatdıraraq tədqiqatçıların elmi fəaliyyətinin qiymətləndirilməsi üçün yeni çəkili konsensus indeksin, elmi jurnalların qiymətləndirilməsi üçün ArticleRank alqoritmin, eləcə də elmi məqalələrin qiymətləndirilməsi üçün yeni hibrid alqoritmin işlənildiyini söylədi.
İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli səsvermə keçirildi və R.Həsənovaya texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.