AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 3 saylı şöbənin 2018-ci il üçün hesabatı müzakirə olundu. Şöbə müdiri Təhmasib Fətəliyev hesabatı təqdim edərək, şöbə əməkdaşlarının elmi-tədqiqat fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, cari ildə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi istiqamətində araşdırmalar aparılıb. E-elmin formalaşması problemləri çərçivəsində onun yeni istiqaməti kontekstində vətəndaş elminin formalaşması məsələləri və inkişafında e-elmin rolu analiz edilib, vətəndaş elminin elm sahələrinin inkişafına təsiri məsələləri araşdırılıb, eləcə də vətəndaş elminin informasiya təhlükəsizliyi problemləri tədqiq olunub.
Məruzəçi, həmçinin e-elm infrastrukturunun enerji təhlükəsizliyi problemlərinin araşdırıldığını və infrastrukturun enerji təhlükəsizliyini təmin edən sistem təklif olunduğunu dedi. Qeyd etdi ki, neft-qaz kompleksində Əşyaların İnterneti texnologiyalarının tətbiqi sahəsində dünya təcrübəsi analiz edilib, bu sahədə mövcud texniki (sensorlar, rabitə, şəbəkə, serverlər, hesablama, yaddaş avadanlıqları və s.) və proqram vasitələri tədqiq olunub. Əşyaların İnterneti texnologiyalarının neft-qaz kompleksində tətbiqinin arxitektur-texnoloji prinsipləri və konseptual modeli işlənib.
Elmi-innovasiya fəaliyyəti çərçivəsində görülmüş işlərdən bəhs edən T.Fətəliyev bildirdi ki, bu istiqamət üzrə AR Prezidenti yanında Elmin İnkişafi Fondunun “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” və AR Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi “Əşyaların İnterneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması” qrant layihələri üzrə işlər davam etdirilib.
Məruzəçi cari il ərzində beynəlxalq və respublika əhəmiyyətli elmi konfranslarda iştirak edildiyini, tanınmış elmi jurnallarda məqalələrin dərc olunduğunu bildirdi. Həmçinin şöbədə elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği və beynəlxalq elmi əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verdi.
Sonra hesabat ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş hesab edildi.