AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin “Kraudsorsinqin vətəndaş elminin inkişafında rolu” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi. Məruzəni təqdim edən institutun əməkdaşı Nərgiz Verdiyeva kraudsorsinqin könüllülük prinsipi əsasında çox sayda insanla əməkdaşlığın qurulması vasitələrindən olduğunu bildirdi. Kraudsorsinqin tarixinin təqribən 1714-cü ildə başladığını qeyd edən məruzəçi 2000-ci illərdən etibarən onun “Youtube”, “Vikipediya” kimi nümunələrinin günümüzdə geniş istifadə olunan veb-resurslardan olduğunu bildirdi. Könüllülərin vətəndaş elmində iştirakının 4 səviyyədən ibarət olduğunu söyləyən məruzəçi onun ekspert, elmi əməkdaşlıq, iştiraklı elm və kraudsorsinq səviyyələrini əhatə etdiyini dedi. N.Verdiyeva vətəndaşların elmi tədqiqatlara bilik və bacarıqları, eləcə də onlayn alətlər vasitəsilə töhfə verdiklərini vurğuladı və kraudsorsinqdə istifadə olunan onlayn vasitələri misallarla təqdim etdi.
Məruzəçinin sözlərinə görə, “World Community Grid” 650 mindən çox fiziki şəxsin və 460 təşkilatın fəaliyyəti ilə sağlamlıq, yoxsulluq və davamlı inkişafla bağlı mövzular üzrə 24 vətəndaş elmi layihəsini dəstəkləmişdir.
N.Verdiyeva vətəndaş elmi layihələrində kraudsorsinqin tətbiqi istiqamətlərinə tədqiqatın prioritetlərinin formalaşdırılması, verilənlərin toplanması, emalı, problemlərin həlli, ideyaların generasiyası, konsensus qurulmasının aid edildiyini bildirdi. Məruzəçi onların tətbiqini “PatientslikeMe”, “Ubiome”, “Zooniverse” layihələrinin tərkibində olan “Galaxy Zoo”, “FoldIt”, “Phylo”, “EteRNA” kimi onlayn oyunlar, “IdeaScale” misalları üzərində izah etdi. O, ekspert qiymətləndirilməsi metodu olan Delphi metodundan bəhs etdi, onun ABŞ-da 1950-1960-cı illərdə işlənib hazırlandığını dedi. Qeyd etdi ki, bu metodun əsas xüsusiyyətlərinə qiyabilik, çoxsəviyyəlilik və anonimlik aid edilir.
Sonda N.Verdiyeva bildirdi ki, kraudsorsinq vətəndaş elmi ilə yanaşı, bütün elm sahələrinin inkişafında mühüm rol oynayır.