AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovun həmmüəllifi olduqları məqalə “International Journal of Education and Management Engineering (IJEME)” jurnalında nəşr olunmuşdur.
“Application and Security Issues of Internet of Things in Oil-Gas Industry” (Neft-qaz sənayesində Əşyaların İnterneti texnologiyalarının tətbiqi və təhlükəsizlik məsələləri) adlı məqalədə neft və qaz sənayesində quraşdırılmış sensorlardan məlumatların asan, təhlükəsiz, etibarlı və sürətli toplanması üçün Əşyaların İnterneti (Əİ) texnologiyalarına əsaslanan arxitektur təklif olunmuşdur. Neft və qaz platformalarının idarə edilməsində bir sıra naqilsiz sensor şəbəkələrin (WSN) istifadəsi araşdırılmışdır. Sensorlar vasitəsilə toplanan məlumatların emalı neft və qaz sənayesində neft platformalarının (yataqlar) təhlükəsizliyinin yaxşılaşdırılması, əməliyyatların optimallaşdırılması, problemlərin qarşısının alınması, xətaların aradan qaldırılması və istismar xərclərinin azaldılması üçün yeni imkanların yaradılması tədqiq edilmişdir. Eyni zamanda məqalədə Əİ arxitekturlu monitorinq sisteminin müxtəlif səviyyələrinin təhlükəsizlik məsələləri analiz edilmişdir.
Bu iş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdir.
Qeyd edək ki, IJEME jurnalı “CrossRef”, “Google Scholar”, “Microsof Academic Search”, “Baidu Wenku”, “CNKI Scholar” kimi elmi bazalarda indeksləşir.