AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi.
Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın korporativ e-poçt xidmətlərinin təhlükəsizlik məsələlərinə həsr olunduğunu bildirdi.
Məruzəni təqdim edən institutun əməkdaşı Səməd Dursunov kompüter şəbəkəsi istifadəçiləri arasında elektron məktubların göndərilməsi və qəbul edilməsi texnologiyası və xidməti olan elektron poçt xidmətlərinin serverlərindən danışdı. Bildirdi ki, bu serverlərə “Microsoft Exchange”, “Sendmail, “Kerio MailServer”, “IBM Lotus”, “Postfix” və s. daxildir.
O, müxtəlif ölçüdə olan şirkətlərdə e-poçt serverlərin istifadə qrafiki, e-poçtun işləmə prinsipi, e-poçt xidməti göstərən şirkətlər barədə məlumat verdi.
Məruzəçinin sözlərinə görə, dövlət qurumları e-poçt qutusunu kütləvi izləmə və ayrı-ayrı şəxslər haqqında məlumatların alınması, e-poçt provayderləri reklam yerləşdirilməsi, açar sözlər vasitəsilə məktubların skan olunması, kibercinayətkarlar isə spam göndərilməsi, bank məlumatları və şəxsi məlumatların oğurlanması məqsədilə ələ keçirə bilər.
S.Dursunov e-poçtun spamdan, viruslardan, casus proqramlardan, fishing-dən və istənməyən kontentə malik məktublardan qorunması üçün kompleks həlli məqsədilə istifadə olunan “AntiSpam”, “AntiVirus”, “AntiFishing” proqram təminatlarından danışdı, eləcə də “ESET Mail Security”, “Kaspersky Security for Mail Server”, “Dr.Web Mail Security”, “Trend Micro”, “Symantec”, “Bitdefender GravityZone Security for Exchange”, “SpamTitan” sistemlərindən söz açdı. Qeyd etdi ki, bu proqram təminatlarının əsas funksiyalarına ikiqat antivirus yoxlama, çoxsəviyyəli anti-spam analizi, kontentin filtrlənməsi, antivirus və anti-spam bazalarının avtomatik yenilənməsi və s. aid edilir.
O, həmçinin e-poçt sisteminin təhlükəsizlik sxemini və “SpamTitan” sisteminin işləmə sxemini təqdim etdi.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.