17-18 oktyabr 2018-ci il tarixlərdə Moldovanın paytaxtı Kişinyov şəhərində “III Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı” (EaPEC 2018) keçirilib. Tədbirdə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev də iştirak edib.
Bu gün institutda keçirilən müşavirədə akademik R.Əliquliyev Avropa İttifaqı və Moldova Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilmiş “EaPEC 2018” konfransında müzakirə olunan məsələlər haqqında məlumat verib, həmçinin AzScienceNet-GEANT əməkdaşlığının inkişafına dair fikirlərini bölüşüb.
Alim bildirib ki, konfrans EaPConnect layihəsi çərçivəsində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova və Ukrayna və s.) tədqiqat və təhsil cəmiyyətləri arasında əməkdaşlığın təşkilini nəzərdə tutur.
İnstitut direktorunun sözlərinə görə, “EaPEC 2018”in sessiya iclasları rəqəmsal kitabxanalar, rəqəmsal irs, açıq elm üçün elektron infrastruktur və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən tədqiqatlara həsr olunub. İclaslarda fizika və seysmologiya, biomedikal elmlər, robot, HPC və data analitikası, iqlim və ekologiya kimi tədqiqat sahələrində fikir mübadiləsi aparılıb.
Akademik qeyd edib ki, tədbir çərçivəsində kibertəhlükəsizlik, bulud xidmətləri, o cümlədən milli tədqiqat və təhsil şəbəkələri tərəfindən göstərilən xidmətlər üzrə seminarlar keçirilib. Eləcə də “Tədqiqatını işıqlandır” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.
Alim iclasda uzaq məsafədən insanların bir-biri ilə əlaqə qurmasına imkan verən LOLA (LOw LAtency audio visual streaming system) texnologiyasının ölkəmizdə tətbiqi ilə bağlı tövsiyələrini də səsləndirib.
“AzScienceNet elm kompüter şəbəkəsi və GEANT Assosiasiyası arasında əməkdaşlıq əlaqələrini gücləndirməliyik”, – deyə bildirən R.Əliquliyev Avropa Birliyinin EaPConnect layihəsi çərçivəsində göstərdiyi dəstəyin Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən səmərəli istifadəsi, həmçinin institut əməkdaşlarının GEANT-ın təşkil etdiyi konfranslar və EaPConnect-in layihələrində fəal iştirakının zəruriliyini vurğulayıb.