Böyük Britaniyanın Kembric Universitetinin alimləri arteriya və venalar üzərində cərrahi əməliyyatların həyata keçirilməsi üçün qeyri-adi quruluşa malik kiçik kamera hazırlayıblar.
hi-news.ru saytının məlumatına əsasən, qurğunun analoqlarından əsas fərqi təsvirin “chip-on-tip” texnologiyası ilə emal edilməsidir. Adi endoskoplarda siqnal əsas qurğuya sim vasitəsilə ötürülür ki, burada onun deşifrə edilməsi və təsvirə çevrilməsi baş verir. Texnologiya “Omnivision” şirkəti ilə birgə qurulub və qurğunun prototipi 400x400 (0,16 meqapiksel) təsvir ölçüsünə malikdir, lakin onun son versiyasında təsvir ölçüsünü ən azı 1600x1600-ə qədər (2,6 meqapiksel) artırmaq mümkün olacaq.
Elastik endoskopik borunun diametri 1,35 mm təşkil edir ki, bu da qurğunu hətta koronar angioqrafiya (ürək damarlarının xüsusi rentgeni) üçün istifadə etməyə imkan verir. Bundan başqa, istehsalçıların sözlərinə görə, “Leap” qurğusunu damardaxili ultrasəs müayinəsi və optik koherent tomoqrafiya kimi diaqnostika metodları üçün də tətbiq etmək olar.
“Leap” adlı qurğu böyük endoskoplardan fərqli olaraq, əməliyyat otağının böyük ölçülü texnikasından asılı olmamağa imkan verir, çünki onu istənilən kompüterə qoşmaq mümkündür. Həmçinin yeni qurğunun bəzi detalları (məsələn, optik boru) birdəfəlikdir ki, bu da sterilizasiya qənaətbəxş olmadıqda infeksiya və xəstəliklərin bir insandan digərinə ötürülməsi riskini aşağı salır.