“Bezalel” brendi smartfonların simsiz enerji ilə yüklənməsi üçün “Prelude” adlı yığcam “power bank” istehsal edib.
techcult.ru saytının məlumatına görə, kiçik ölçüsü və smartfona yapışması ilə fərqlənən qadcetin ölçüləri 11,4x6,9x1,7 sm, çəkisi 150 q təşkil edir. Qurğu “iPhone”un yeni modelləri, “Samsung Galaxy S6”, həmçinin “LG”, “Sony” və “BlackBerry” smartfonları ilə işləyir.
“Prelude” enerjinin ötürülməsi üçün simsiz texnologiyalardan istifadə edir. Bu səbəbdən kabel qoşulması tələb etmir və smartfonun xarici portlarını məşğul etmir. Qurğu analoqlarından fərqli olaraq, smartfona maqnitlə deyil, kiçik sorucu cihazların köməyilə bərkidilir.
“Kickstarter” platformasında qurğunun investorlar üçün dəyəri 45 dollar təşkil edəcək. Onun cari ilin dekabr ayında satışa çıxarılması planlaşdırılır.