Çində blokçeynin inkişafı üzrə ilk pilot zonası ölkənin cənubunda yerləşən ada əyaləti Haynanda fəaliyyətə başlayıb. Pilot zonası Haynan Proqram Təminatı Ekoloji Parkında yerləşdirilib.
belta.by saytının məlumatına görə, zonada rəsmi olaraq oktyabrın 8-də açılmış Blokçeyn Tədqiqatları İnstitutu fəaliyyət göstərir. İnstitut ekoloji park və Oksford Universitetinin Blokçeyn Tədqiqatları Mərkəzi tərəfindən qurulub. Həmçinin park Çin Xalq Universiteti ilə əməkdaşlıq çərçivəsində blokçeyn sahəsində İnstitusional İnnovasiyalar Mərkəzini istifadəyə verəcək.
“Pilot zonası bütün dünyadan blokçeyn üzrə mütəxəssisləri cəlb etməyə və transsərhəd ticarət, inklüziv maliyyələşdirmə və kredit reytinqi kimi sahələrdə blokçeynin tətbiqi imkanlarını araşdırmaq üçün qurulmuşdur”, – Haynan Sənaye və İnformasiyalaşdırma Əyalət İdarəsinin rəhbəri Van Szin bildirib. O, qeyd edib ki, pilot zonası dünyanın aparıcı elmi-tədqiqat institutları və blokçeyn sənayesi iştirakçıları ilə əməkdaşlığı inkişaf etdirəcək.