Smartfon vasitəsilə idarə olunan dron 2018-10-15 11:05:00 / TEXNOLOJİ YENİLİKLƏR

Pilotsuz uçuş aparatlarının hazırlanması üzrə tanınmış şirkət “Teal Drones” yeni dron modelini istehsal edib. Saatda 100 km sürətlə uçan dron smartfon vasitəsilə idarə olunur. “Teal One” 15 dəqiqə havada qala bilir və küləyin saatda 65 kilometrə qədər sürətinə davam gətirir.

robo-hunter.com saytının məlumatında bildirilir ki, drona “NVIDIA Jetson TX1” aparat modulu, “PX4” uçuş kontrolleri və “Ambarella” kamerasının prosessoru quraşdırılıb. Kamera real vaxt rejimində 12 meqapiksel HDR-şəkillər və “4K” video çəkə bilir. Pilotsuz uçuş aparatı smartfona 200 m diapazonda işləyən “Wi-Fi” vasitəsilə qoşulur.

“Teal One” sınma zamanı dəyişdirilməsi mümkün olan modullardan ibarətdir. Qurğu 5 uçuş rejimi, həmçinin bir əllə idarəetmə təklif edən “Teal Flight” proqramı vasitəsilə idarə olunur. Dronu idarə etməyi öyrənmək üçün 100 m radiusda uçuş zonasına nəzarət edən təhlükəsiz rejim seçimi mövcuddur.

Qurğunu yaradan “Teal Drones” şirkətinin təsisçisi və baş direktoru 20 yaşlı Corc Matusun sözlərinə görə, yeni pilotsuz uçuş aparatından, hətta daha əvvəl dron idarə etməmiş insanlar da istifadə edə bilərlər. Qurğunu digərlərindən sürət, çeviklik, mobil proqram, gələcək imkanlar, davamlılıq və modulyar quruluşu fərqləndirir. Dron uçuşu daha əlçatan və əyləncəli etmək üçün hazırlanıb.

Qurğunun qiyməti 1199 ABŞ dolları təşkil edir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024