Azərbaycan dilindəki mətnlərin oxunabilirliyinin qiymətləndirilməsinə həsr olunmuş dissertasiya işi müzakirə olundu 2018-10-08 10:45:00 / ELMİ İCLASLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarının növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan iclasın sədri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova gündəlikdə duran məsələ haqqında məlumat verdi. Seminarın institutun dissertantı İsmayıl Sadıqovun texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdi.

Sonra dissertant İ.Sadıqov “Statistik təhlil əsasında mətnlərin qiymətləndirilməsi metodları və alqoritmlərinin işlənməsi” adlı dissertasiya işini təqdim edərək onun giriş, 4 fəsil, nəticə və 116 adda ədəbiyyat siyahısından ibarət olduğunu bildirdi. Qeyd etdi ki, mövzu üzrə 6 elmi məqalə, 1 ekspress-informasiya çap edilmiş, 1 tətbiqi proqram və 1 veb-sayt hazırlanmışdır.

Məruzəçi işin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı. Bildirdi ki, dissertasiya işində mətnlərin mürəkkəbliyinin qiymətləndirilməsi üçün riyazi modellərin qurulmasının zəruriliyinin əsaslandırılması və mövcud qiymətləndirmə düsturlarının Azərbaycan dilinin özəllikləri nəzərə alınmaqla uyğunlaşdırılması, Azərbaycan dilindəki mətnlərin mürəkkəbliyinin qiymətləndirilməsi üçün avtomatlaşdırılmış texnologiyaların işlənib hazırlanması, bəzi dünya ədəbiyyatı nümunələrinin orijinalının və onların Azərbaycan dilinə tərcümələrinin oxunabilirliyinin müqayisəsi, eləcə də hazırlanmış metodika əsasında məktəb dərsliklərinin mürəkkəbliyinin və şagirdlərin yaş səviyyəsinə uyğunluğunun qiymətləndirilməsi kimi məsələlər qoyulmuşdur.

İ.Sadıqov dissertasiya işinin məqsədinin Azərbaycan dilindəki mətnlərin mürəkkəbliyinin qiymətləndirilməsi üçün riyazi modellərin (oxunabilirlik düsturları) qurulması və avtomatlaşdırma vasitələrinin (müvafiq proqram təminatı) hazırlanması olduğunu nəzərə çatdırdı.

O, dissertasiya işində əldə olunmuş nəticələri təqdim etdi. İ.Sadıqovun sözlərinə görə, tədqiqat işində ingilis dilindəki mətnlər üçün olan ən məşhur oxunabilirlik düsturlarından ikisi Azərbaycan dili mətnləri üçün modifikasiya edilmiş, bu düsturlar müxtəlif mətnlər üçün sınaqdan keçirilmiş və onların düzgünlüyü təcrübədə öz təsdiqini tapmışdır. Həmçinin Azərbaycan dili mətnlərinin statistik göstəricilərinin hesablaması prosesinin avtomatlaşdırılması üçün müvafiq proqram təminatı hazırlanmış və Azərbaycan dili mətnlərinin statistik göstəricilərinin və oxunabilirliyinin hesablanması üçün hər kəsin istifadəsinə açıq olan veb-sayt (www.oxunabilir.az) yaradılmışdır.

Məruzəçi həmçinin qeyd etdi ki, işdə Azərbaycanın ümumtəhsil məktəblərində istifadə olunan dərsliklərin ilk dəfə olaraq statistik təhlili aparılmışdır. Eyni zamanda Azərbaycan dili mətnləri üçün modifikasiya edilmiş Fleşin oxuma asanlığı və Fleş-Kinkeydin təhsil səviyyəsi düsturları əsasında Azərbaycanın ümumtəhsil məktəblərində hazırda istifadə olunan dərsliklərin oxunabilirlik səviyyələri hesablanmışdır.

İddiaçı dissertasiya işinə dair sualları cavablandırdı. Müzakirələrdə professor M.Məmmədova, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev iştirak edərək sual və təkliflərini səsləndirdilər.

Daha sonra elmi rəhbər AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək mövzunun aktual məsələlərə həsr olunduğunu bildirdi. Alim dissertasiya işinin Azərbaycan dilindəki mətnlərin mürəkkəblik səviyyəsinin qiymətləndirilməsinə dair ilk elmi iş olduğunu qeyd etdi.

“Bu tədqiqat yeni bir elmi istiqamətin başlanğıcıdır”, – deyə bildirən alim son illər ölkədə linqvistik informatika və kompüter dilçiliyi ilə bağlı çoxsaylı araşdırmaların aparıldığını, dissertasiya işlərinin hazırlandığını diqqətə çatdırdı.

R.Əliquliyev dissertasiya işi çərçivəsində hazırlanmış www.oxunabilir.az veb-saytının ölkəmizdə dərslik və dərs vəsaitlərinin hazırlanmasında müəlliflər, nəşriyyat rəhbərləri və redaktorlar, tədris vəsaitlərinin qiymətləndirilməsində iştirak edən ekspert qruplarının üzvləri, veb-sayt yaradıcıları, kütləvi-informasiya vasitələrinin rəhbərləri və ümumiyyətlə, mətnlərlə işləyən hər kəs üçün zəruri bir mənbə olduğunu qeyd etdi.

Akademik tədqiqat işində tədris materiallarının, müxtəlif mətnlərin oxunabilirliyinin avtomatik qiymətləndirilməsi ilə bağlı əldə olunan elmi nəticələrin praktikada uğurla tətbiq olunduğunu vurğuladı.

Elmi rəhbər, həmçinin bir sıra tövsiyələr səsləndirdi. Oxunabilirliyə mane olan amillər arasında morfoloji, sintaktik, semantik, terminoloji və semiotik amillərin dissertasiya işində təqdim olunmasının vacibliyini vurğuladı. 

R.Əliquliyev elmi işin ölkəyə yeni bir texnologiyanın gətirilməsi baxımından əhəmiyyətini önə çəkərək seminar iştirakçılarını iddiaçıya dəstək olmağa çağırdı.

Dissertasiya işinə dair təyin olunan resenzentlər – AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev çıxış edərək dissertasiya işində əsaslı tədqiqatlar aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu bildirdilər. Alimlər tədqiqatın AAK tərəfindən texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, irad və təkliflərini səsləndirdilər.

Daha sonra səsvermə keçirildi və dissertasiya işinin yekdilliklə növbəti mərhələyə keçirilməsi tövsiyə olundu.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024