Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda 12 saylı şöbənin növbəti seminarı keçirildi. Seminarda şöbənin əməkdaşı Pirdas Muradova “Dil biliklərinin mənimsənilməsində ümumavropa təcrübəsi” mövzusunda apardığı araşdırmaların nəticələrini təqdim etdi.
Məruzəçi öncə CEFR (Common European Framework of References for Languages – Ümumavropa dilləri üçün çərçivə proqramı) haqqında məlumat verərək onun hər hansı dilin tədrisi üçün dərsliklər və əlavə dərs vəsaitlərini dilləri dəstəkləyən proqramların inkişafı və dil biliklərinin qiymətləndirməsi üçün alət və resurslarla təmin edən çərçivə proqramı olduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu proqramın ideyası 1991-ci ilin noyabr ayında Avropa Şurasının İsveçrədə keçirilən simpoziumunda təklif edilmiş, 1996-cı ilin sonunda isə ilkin varianti təqdim olunmuşdur.
P.Muradovanın sözlərinə görə, “Ümumavropa dilləri üçün ortaq çərçivə proqramı” dil öyrənənlərə həmin dildə ünsiyyət qurmaq və ondan səmərəli istifadə etmək üçün hansı məqamlara diqqət yetirməyin vacib olduğunu öyrədir.
Bu proqram Avropada dil mütəxəsislərinin təhsil proqramları, tədris planları, testlər, dərsliklərin layihələndirilməsi və təkmilləşdirilməsi üçün ümumi baza ilə təmin etməyi, müxtəlif dillərin pedaqoqları arasında pedaqoji təhsili və əməkdaşlığı dəstəkləməyi, öyrənmə prosesinin hər bir mərhələsində öyrənən şəxsin bilik səviyyəsini yoxlamağı və s. tutur.
O, bildirdi ki, Ümumavropa dilləri üçün ortaq çərçivə proqramına görə, dil 3 əsas cəhətə görə formalaşır – dil fəaliyyəti, fəaliyyətin baş verdiyi sahələr və bacarıqlar. Proqram dil fəaliyyətini informasiyanın qəbulu (dinləmə və oxu), istehsalı (danışıq və yazı), qarşılıqlı əlaqə (danışıq və yazı) və vasitəçilik (tərcümə) kimi növlərə ayırır.
Məruzəçi, həmçinin CEFR testinin məzmunu və məqsədi, proqramın praktikada tətbiqi, eləcə də təhsil, miqrasiya və iş məqsədilə yüksək səviyəli ingilis dili testi olan IELTS (International English Language Testing System - Beynəlxalq İngilis Dili Test Sistemi) haqqında ətraflı məlumat verdi.
P.Muradova Azərbaycan dilinin xarici dil kimi tədrisi ilə əlaqədar, beynəlxalq təcrübəyə əsaslanan və bu təcrübənin ana dilinə uyğunlaşdırılaraq tətbiqini nəzərdə tutan bir sıra təkliflər də irəli sürdü. Bu məqsədlə Azərbaycan dilinin xarici dil kimi öyrədilməsi üçün tədris planının, eləcə də plana əsaslanan dərslik və əlavə dərs vəsaitlərinin (audio, video, proqram təminatları və s.) hazırlanması, beynəxalq standartlara əsaslanan yeni qiymətləndirmə meyarlarının işlənilməsinin vacibliyini vurğuladı.
Sonra şöbənin əməkdaşı Nərgiz İsmayılova “İnformasiyanın yayılmasında sosial şəbəkələrin rolu” mövzusunda çıxış etdi. Məruzəçi bildirdi ki, araşdırma zamanı onlayn məlumatların yayılmasında sosial şəbəkələrin rolu və informasiyanın yayılmasında güclü və zəif əlaqələrin rolu araşdırılmışdır.
O, həmçinin fərdlər arasında paylaşmanın kommutativ yayılması, demoqrafik xüsusiyyətlər, əlaqələrin gücü və hesablanması haqqında məlumat verdi.
N.İsmayılova “Facebook”da diffuziya kimi hadisələri izah edən daxili təsir, müstəqil xarici təsir və xarici təsir kimi 3 mümkün halın olduğunu qeyd etdi. Bildirdi ki, istifadəçilər arasında güclü əlaqələrin geniş yayılmasına baxmayaraq, zəif əlaqələr daha çox təsirə malikdir.
Sonda məruzələr ətrafında müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi.