Sentyabrın 27-də AMEA Rəyasət Heyətində AMEA ilə Kənd Təsərrüfatı Nazirliyi (KTN) arasında əməkdaşlıq haqqında Niyyət Sazişinin imzalama mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə KTN ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. Akademik bildirib ki, bu saziş kənd təsərrüfatında elm və innovasiyaların tətbiqi istiqamətində aktual məsələlərin həlli və yüksək peşəkarlığa malik kadr potensialının hazırlanmasına böyük töhfə verəcək. KTN ilə birgə innovativ layihələrin icra olunacağını vurğulayan AMEA rəhbəri qeyd edib ki, bu istiqamətdə elmi-tədqiqat institutlarında istehsalat-təcrübə imkanlarından yararlanmaq üçün geniş şərait yaradılacaq. Bundan başqa, AMEA və KTN-nin təcrübə sahələrində birgə nümunəvi təsərrüfatların yaradılması imkanları da araşdırılacaq.
Sonra Kənd Təsərrüfatı naziri İnam Kərimov çıxış edib. Bildirib ki, son illər dövlət başçısının Azərbaycanda qeyri-neft sektoruna göstərdiyi yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Nazir əlavə edib ki, aqrar sahədə həyata keçirilən islahatların ilkin təhlili göstərir ki, bu sahədə davamlı inkişafa nail olmaq üçün elmi əsaslara söykənən, fermer və kəndlilərimizin mənafeyinə xidmət edən strategiyanın formalaşması ehtiyacı var.
AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edərək bugünkü tədbiri ölkənin aqrar həyatında əhəmiyyətli addım kimi qiymətləndirib. Akademik qeyd edib ki, AMEA-nın son beş ildə apardığı islahatlar nəticəsində nəinki yerli qurumlar, o cümlədən xarici təşkilatlar da akademiya ilə əməkdaşlığa böyük maraq göstərirlər.
Akademik-katib birgə əməkdaşlıq təşəbbüsünün AMEA-nın ötənilki Ümumi yığıncağında müəyyən edilən prioritetlərdən biri olduğunu vurğulayıb. Alim bildirib ki, hazırda aktual olan kənd təsərrüfatının elektronlaşdırılması istiqamətində aqroinformasiya texnologiyalarının tətbiqi, bu işə biznes qurumları ilə yanaşı, elmi müəssisələrin də cəlb edilməsi, məlumat bazasının yaradılması, kadr potensialının inkişaf etdirilməsi və layihələrin işlənməsi olduqca vacibdir.
“KTN-in nəzdində Aqroinformatika İnstitutunun yaradılması zərurəti vardır”, – deyə bildirən R.Əliquliyev bu sahədə mütəxəssislərin az olduğunu söyləyib, AMEA-nın bu işdə nazirliyə dəstək verə biləcəyini deyib. Bundan başqa, akademik ölkədə ərzaq təhlükəsizliyinə nail olunması üçün akademiyanın regionlardakı elmi bölmə və mərkəzləri ilə KTN-in regionlardakı müvafiq təşkilatları arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması təklifini irəli sürüb. Bu istiqamətdə birgə islahatların müsbət nəticə verəcəyinə əminliyini ifadə edib.
Sonda AMEA ilə KTN arasında birgə fəaliyyətə dair Niyyət Sazişi imzalanıb. Sənəddə aidiyyəti məsələlər üzrə fəaliyyətlərin planlaşdırılması, aqrar elmin təşkili və birgə multidissiplinar elmi-tədqiqat işlərinin aparılması, təlim-tədris və innovasiyaların tətbiqi istiqamətində texnologiya transferi, layihə və proqramlarının həyata keçirilməsi, yerli və beynəlxalq qrant müsabiqələrinin təşkili də nəzərdə tutulur.
Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Kənd Təsərrüfatı naziri İnam Kərimov imzalayıblar.