ABŞ ordusunun tədqiqat laboratoriyası, Pensilvaniya Universiteti və Nyu-York Universitetinin mütəxəssisləri dronların idarə olunması üçün eynək təqdim ediblər.
robo-hunter.com saytının məlumatında bildirilir ki, “Tobii Pro Glasses 2” HD kamera və insanın başının vəziyyətini müəyyən edən inersiyalı ölçü modulundan ibarət olan gözlərin izlənilməsi sistemi ilə təchiz edilib. Dərin neyron şəbəkənin köməyilə sistem bir və ya bir neçə kopterin yönəlməli olduğu istiqaməti təyin edir. “Tobii Pro Glasses 2” “NVIDIA Jetson TX2” portativ prosessoruna qoşulub. Sistem avtonom işləyir və xarici sensorlara əsaslanmır.
İstehsalçıların sözlərinə görə, qurğu təkmilləşdirilməlidir: 3D-naviqasiya nöqtəsini təyin etmək üçün “Tobii Pro Glasses 2” 2D-koordinatdan istifadə edir, sonra təsadüfi olaraq, öncədən müəyyən edilmiş təhlükəsizlik zonasının daxilində nöqtənin dərinliyini seçir.
İstehsalçılar gələcəkdə 3D-naviqasiyanın dərinliyini nizama salmaqla yanaşı, qurğuya səs və jest rejimi əlavə etməyi planlaşdırırlar.
Tədqiqatçılar ümid edirlər ki, yeni texnologiya dronların təhlükəsiz idarə edilməsində fiziki imkanları məhdud insanlara kömək edəcək.