“Google” nümayəndələri istifadəçi məlumatlarının kənar proqram istehsalçılarına əlçatan olduğunu təsdiq ediblər.
Məlum olub ki, “Gmail”də müxtəlif poçt və reklam genişlənmələri istifadəçilər haqqında informasiya toplayırlar. “Google”ın məxfilik siyasətinə uyğun olaraq, bu firmalar informasiyanın toplanması və emalı haqqında istifadəçiləri məlumatlandırmalıdır.
Lakin ABŞ hakimiyyəti aydınlaşdırıb ki, bütün istehsalçılar istifadəçilərə onların yazışmalarını oxuduqlarını və ya məlumatı üçüncü şəxslərə ötürdüklərini bildirmirlər. Hüquqşünaslar İT-nəhəngdən qaydaları pozan şirkətlərin siyahısını tələb ediblər.
lenta.ru saytının məlumatına görə, 26 sentyabrda dinləmələr zamanı bu məsələnin aydınlaşdırılması planlaşdırılır. Həmin gün məlumatların təhlükəsizlik məsələlərini senatorlarla “Google”, “Apple”, “AT&T” və “Twitter” nümayəndələri müzakirə edəcək.
Qeyd edək ki, daha əvvəl “Google” və “MasterCard” arasında gizli sazişin imzalanması məlum olmuşdu. Ödəmə sistemi bir neçə il ərzində İT-nəhəngə istifadəçilərin ödəniş məlumatlarını təqdim etmişdi. Bu məlumatlar sayəsində “Google” analitikləri reklamın effektivliyini müəyyən etmişdilər.