Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-də Çin Xalq Respublikası Sənaye və Kommersiya Federasiyasının sədri Donq Yancunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Məqsəd iki ölkə arasında müvafiq sahədə əməkdaşlıq perspektivlərini müzakirə etmək, planlaşdırılan layihələrin həyata keçirilməsi üçün razılaşma imzalamaq olub.
Nazirlikdən verilən məlumata görə, görüşdə Çinin Sənaye və Kommersiya Federasiyasının sədri Donq Yancun Azərbaycanda Çinlə birgə yeni e-ticarət platformasının yaradılması ilə bağlı təkliflərlə çıxış edib. Bu platformanın vasitəsilə Azərbaycan vətəndaşlarına e-ticarət portalı üzərindən operativ xidmətlərin göstərilməsi nəzərdə tutulur. Müasir dövrdə e-ticarətlə məşğul olan şirkətlərin və xidmətlərin çoxluğunu nəzərə alaraq, birgə yaradılacaq platforma vasitəsilə daha rahat, operativ ticarət bazarının qurulması təklif olunub.
Hon Konqun Quanzhou şəhərinin innovasiya layihələri və yüksək texnologiya şirkətlərinin, eləcə də Hesablama-Ticarət Palatasının nümayəndələrinin qatıldığı görüşdə planlaşdırılan yeni layihələrin həyata keçirilməsi üçün ikitərəfli razılaşma imzalanıb.
Qeyd edək ki, “Azərpoçt” MMC, “Silk Way” və Çinin “Aerotrans” şirkəti ilə ölkələrarası elektron ticarətin həyata keçirilməsi üçün Azərbaycanın regional tranzit poçt mərkəzi (HUB) rolunu oynadığı layihədə də birgə əməkdaşlıq edir.