Azərbaycanlı startapçılar beynəlxalq “ITU Telecom World” sərgi-konfransında yüksək nəticələr əldə ediblər.
Sərgidə ölkəmizə məxsus pavilyonda öz yeniliklərini təqdim edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant alan “CustomAR” şirkəti və Nazirliyin Yüksək Texnologiyalar Parkının rezidenti olan “İQREX” startap layihəsi müsbət nəticələr əldə edib. Belə ki, Cəlal Rəhimovun “İQREX” layihəsi dünya ölkələri arasında keçirilən Kiçik və Orta Sahibkarlığın Qlobal İnnovasiya (Global SME Award) mükafatının qalibi olub. Layihə QR kod vasitəsi ilə orijinal məhsulların saxta məhsullardan fərqini müəyyənləşdirməyi nəzərdə tutur.
Nazirlikdən verilən məlumata görə, qaliblər sosial və texniki ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilib. Yarışda həmçinin Yaponiya, Cənubi Afrika, Koreya, Çin, Keniya, Nigeriya və Mozambik kimi ölkələrin innovativ layihələri təqdim olunub.
Yarışın keçirilməsində əsas məqsəd insanların həyatını asanlaşdıran yeniliklər təqdim edən sahibkarları ictimaiyyətə təqdim etməkdir.
Müsabiqəyə təqdim edilən layihələr genişzolaqlı optik kabel, rəqəmli kənd təsərrüfatı, mobil təlim, təhsil, səhiyyə, virtual reallıq texnologiyaları, onlayn bilet satışı, onlayn ödəmə, qeyri-rəsmi əmanət platformaları, məşğulluq kimi geniş spektrli sahələri əhatə edib.