Yaponiya “kosmik zibil”i müşahidə etmək üçün orbitə peyklər çıxarmağı planlaşdırır 2018-09-03 11:00:00 / MARAQLI MƏLUMATLAR

Yaponiya hökuməti “kosmik zibil”i müşahidə etmək üçün orbitə peyklər çıxarmağı planlaşdırır.
 
belta.by saytının məlumatına görə, peyklərin orbitə buraxılışının 2024-cü ildən 2028-ci ilədək həyata keçirilməsi nəzərdə tutulub. Bu vaxtadək isə yaponiyalı mütəxəssislər “kosmik zibil”in aşkar edilməsi və həmin informasiyanın Yer kürəsinə ötürülməsi texnologiyası üzərində işləyəcəklər. Yaponiya öz peyklərinin orbitdə qalan raket və digər aparatların qırıntıları ilə toqquşmasından ehtiyat edir. Müşahidə peykləri qrupunun yaradılmasından sonra onlar “kosmik zibil”in hərəkəti haqqında məlumat toplanması ilə məşğul olacaqlar və təhlükə zamanı Yer kürəsində yerləşən idarəetmə mərkəzinə siqnal ötürəcəklər. Burada toqquşma təhlükəsinin olub-olmamasına əsaslanaraq orbitdə aparatın hərəkət trayektoriyası dəyişdirilməsi haqqında qərar qəbul ediləcək. 

Ekspertlərin qiymətləndirməsinə əsasən, yerətrafı orbitdə təxminən 150 milyon detal və fraqment mövcuddur. Bunlar peyk və digər aparatların orbitə buraxılışından sonra kosmosda toplanıb. Araşdırmalara görə, belə “kosmik zibil”lə  toqquşma peyklərin antena, günəş panelləri və s. avadanlığına zərər vura bilər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024