Beyinə implantasiya edilən elektron çip epilepsiya tutmalarının qarşısını almağa kömək edə bilər.
Böyük Britaniyanın Kembric Universiteti və Fransanın Paris Dağ Məktəbinin tədqiqatçıları siçanların beyninə tutmanın ilkin əlamətlərinə reaksiya verən qurğunu implantasiya ediblər. Sensorlar siçanların beynində “elektrik fırtınası”nın başlanğıcını tutur və onu dayandırmaq üçün xüsusi təbii kimyəvi preparat buraxır. Tutmanın dayandırılması üçün qurğuya yerləşdirilmiş 1 faizdən az kimyəvi maddə tələb olunur. Buna görə də implantat xeyli vaxt ərzində əlavə enerjidoldurmaya ehtiyac duymadan işləyə bilir.
naukatv.ru saytının məlumatında bildirilir ki, implantat insan saçından iki dəfə daha qalın plastik kütlədən hazırlanıb. İstehsalçılar implantatın yaxın 2 il ərzində insanlar üzərində sınaqdan keçirilə biləcəyini iddia edirlər.