Yeni qurğu dünyanın istənilən nöqtəsindən İnternetə qoşulmağa imkan verəcək 2018-08-20 16:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

“Alcatel” şirkəti dünyanın istənilən nöqtəsindən İnternetə sürətli qoşulma üçün “HH40V” portativ marşrutlayıcısını təqdim edib. “Qualcomm MDM9207” çipi üzərində qurulan cihaz bütün şəbəkə standartlarını, o cümlədən “4G” şəbəkəsini dəstəkləyir. Bundan başqa, marşrutlayıcını simli “Ethernet” texnologiyası vasitəsilə istifadə etmək olar.

4pda.ru saytının məlumatında bildirilir ki, “Alcatel HH40V” iki “Ethernet” portu və 150 Mbit/san yükləmə sürətinə malik “4G LTE” modulu ilə təchiz edilib. Yeni qurğu “Wi-Fi” şəbəkəsini eyni anda 32 istifadəçi üçün 300 Mbit/san sürətində paylayır.

Daim internetə qoşulmuş vəziyyətdə qalmaq üçün “Alcatel HH40V” marşrutlayıcısında əsas və ehtiyat qoşulma rejimlərini seçmək mümkündür. Məsələn, kabel vasitəsilə əlaqə itən zaman “4G” qoşulma avtomatik aktivləşir. “LTE” siqnalının gücləndirilməsi üçün qurğu 2 desibel əmsallı iki antenadan istifadə edir.

“Alcatel HH40V” marşrutlayıcısının qiyməti 70 ABŞ dolları təşkil edir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024