Alimlər çoxqatlı elastik elektronika hazırlayıblar 2018-08-16 12:15:00 / TEXNOLOJİ YENİLİKLƏR

Kaliforniya Universitetinin alimləri yumşaq və elastik üçölçülü elektronikanın yaradılması texnologiyasını hazırlayıblar.

naukatv.ru saytının məlumatına görə, mütəxəssislər komandası dəridə sarğı kimi istifadə edilə bilən və müxtəlif göstəricilərin (tənəffüs, bədən hərəkəti, temperatur, gözlərin hərəkəti, ürək və beynin fəaliyyəti) simsiz monitorinqi üçün dartıla bilən elektron plastır hazırlayıb. Qəpik ölçüsündə olan qurğu, həmçinin avtomatlaşdırılmış əlin simsiz idarə edilməsində tətbiq oluna bilər.

Plastır bir-bir ilə qarşılıqlı əlaqədə olan elastik çap lövhələrin 4 qatından ibarətdir. Hər bir qat onları bir-birindən təcrid edən elastomer təbəqə üzərində yerləşir. Sərt elektron hissələr elastomerə bərkidilib və bükük formalı nazik mis məftillərdən düzəldilmiş elastik “körpü”lərlə birləşdirilib ki, bu da sxemlərin elektron funksiyaya zərər yetirmədən dartılmasına, əyilməsinə və bükülməsinə imkan verir.

“Ağıllı” sarğı 10 metrədək məsafədən smartfon və ya noutbukla simsiz rabitəni dəstəkləyir. İstehsalçılar sözügedən texnologiyanın optimallaşdırılması və təkmilləşdirilməsi işlərini davam etdirəcəklər. Mütəxəssislər gələcəkdə qurğunu kliniki şəraitdə sınaqdan keçirməyə ümid edirlər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024