Dünyanın ən iri elektronika, kompüter texnikası və telekommunikasiya avadanlığı istehsalçılarından biri olan Yaponiyanın “NEC” şirkətinin nümayəndəsi elan edib ki, onlar tərəfindən hazırlanmış sifətin tanınması sistemi 2020 Yay Olimpiya Oyunları, həmçinin Tokioda keçiriləcək Paralimpiya Oyunlarında kütləvi şəkildə tətbiq ediləcək. Sistem idmançılar, könüllülər, media nümayəndələri və digər işçilər də daxil olmaqla, Yay Olimpiya Oyunlarının təşkili və işıqlandırılmasında iştirak edəcək 300000-dən çox insanın identifikasiya olunmasında istifadə ediləcək. Bu texnologiya Olimpiya Oyunları tarixində ilk dəfə tətbiq ediləcək.
hi-news.ru saytının məlumatına görə, “NEC” şirkəti tərəfindən hazırlanmış sifətin tanınması sisteminin işi “NeoFace” adlı süni intellekt mühərrikinə əsaslanır. Sistem insanı səs, barmaq izləri və gözün qüzehi qişası üzrə tanıya bilir. Lakin Olimpiya Oyunlarında yalnız foto üzrə identifikasiya texnologiyasından istifadə ediləcək. Sistem akkreditə edilmiş şəxsləri sifətin tanınması texnologiyası, həmçinin daxili mikroçipə malik xüsusi kart vasitəsilə yoxlayacaq.